Argentina Rusiyanı yeni prezident Xavyer Mileyin andiçmə mərasimində iştirak etməyə dəvət edib.
Azreform.info xəbər verir ki, bu barədə "RİA Novosti"yə Rusiya Xarici İşlər Nazirliyindəki mənbə bildirib.
"Argentina bizi inauqurasiyaya dəvət etdi. Rusiya Federasiyasının nümayəndəsi orda olacaq", deyə mənbə bildirib və mərasimdə ölkəni kimin təmsil edəcəyini dəqiqləşdirməyib.
Ukrayna prezidenti Volodimir Zelenski də Xavyer Mileyin andiçmə mərasimində iştirak etməyə razılıq verib. Bu barədə TN telekanalı məlumat yayıb.
Qeyd olunur ki, Xavyer Miley seçkilərdə qalib gəldikdən bir neçə gün sonra Zelenski ilə danışıb və Argentinada Ukrayna ilə bağlı sülh konfransının keçirilməsini təklif edib. Zelenski Argentinaya səfər edəcəyini təsdiqləyib. Əgər bu baş verərsə, o zaman bu səfər Ukraynanın hazırkı prezidenti üçün Cənubi Amerikaya ilk səfər olacaq.
Argentinada ümumi seçkilər iki turda 22 oktyabr və 19 noyabr 2023-cü il tarixlərində keçirilib. Səsvermənin nəticələrinə əsasən, ölkə yeni dövlət başçısını, vitse-prezidenti, əksər əyalətlərin qubernatorlarını və Argentina Milli Konqresinin üzvlərini seçib.
Eyni zamanda, birinci turda ölkə rəhbəri postuna namizədlərdən heç biri tələb olunan 45% səsi toplaya bilməyib və buna görə də hakimiyyət ikinci turu elan edib.
İnauqurasiya dekabrın 10-da baş tutacaq.