Qoxu itkisi Parkinson xəstəliyinin ilkin əlamətidir.
Medicina.az xəbər verir ki, bu barədə Kayseri Acıbadem Xəstəxanasının nevroloqu, Dr. Güven Arslan bildirib.
Onun sözlərinə görə, təfərrüatlı müayinə ilə Parkinson erkən diaqnoz qoyula bilən xəstəliklərdən biridir.
“Məlumdur ki, xəstəliyin ilk əlamətləri arasında qoxu itkisi və qəbizlik var. Əllərin titrəməsi də ilkin simptomlardan biridir”, - həkim qeyd edib.
Nevroloq xüsusilə qoxu itkisi simptomunun COVID-19 pandemiyasından sonra daha çox viruslarla əlaqələndirildiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, xəstələr bu əlaməti çox vaxt ciddi qəbul etmir və keçib gedəcəyini düşünür. Halbuki, Parkinsonun erkən diaqnozu üçün vaxt itirmədən həkimə müraciət etmək vacibdir.
Güven Arslan Parkinson xəstəliyinin beyin hüceyrələrinin ünsiyyətini təmin edən dopamin adlı maddəni istehsal edən hüceyrələrin funksiyalarının pozulması nəticəsində meydana gəldiyini xatırladıb. O, dopamin əskikliyinin də Parkinsonun ən əhəmiyyətli əlamətləri arasında olduğunu vurğulayıb.