Şorba pəhrizi əsrlərdir istifadə edilən arıqlama üsuludur.
Pəhriz şorbası təbii bulyon (ət və ya toyuq suyu) və tərəvəzlərlə hazırlanır.
Medicina.az xəbər verir ki, bu tip pəhrizə riayət edən insanlar hər yeməkdə şorba yeyərək arıqlamağı hədəfləyirlər. Bəziləri şorbanın yanına əlavə zülal mənbələri də əlavə edirlər.
Şorba pəhrizi sürətli şəkildə bir neçə kiloqram arıqlamaq üçün nəzərdə tutulub. Əksər insanlar bu pəhrizi yalnız 7-10 gün davam etdirirlər.
Ən məşhur pəhriz şorbası isə kələmdən hazırlanır. Ət və ya toyuq suyunun içərisinə əlavə edilərək qaynadılan bol miqdarda kələm, soğan və istəyə görə şüyüd və ya cəfəridən ibarət olan şorba ən məşhur versiyadır.
“Mayo Clinic”ə görə, pəhriz zamanı az miqdarda meyvə və tərəvəz, yağsız ət, toyuq əti və qəhvəyi düyü də istehlak etmək olar.
Dietoloqlar şorbaya da lobya, toyuq və ya hinduşka döş əti kimi zülal mənbəyinin əlavə edilə biləcəyini deyirlər.
Şorba pəhrizinə əməl edərkən aşağıdakılardan uzaq durmaq lazımdır:
Şorbaya krem əlavə etmək olmaz. Çörək, makaron, kartof və ya ağ düyü kimi nişastalı qidalar istehlak edilmir. Desertlər, ümumiyyətlə, tərkibində şəkər olan heç bir hazır qida yeyilə bilməz. Süd və pendir də məsləhət görülmür.
Bəzi hallarda, bu pəhriz 30 kiloqrama qədər arıqlamağa kömək edə bilər.
2014-cü ilin aprel ayında "British Journal of Nutrition"da yayımlanan və 10 000-dən çox yetkin insanın iştirak etdiyi araşdırmaya görə, tez-tez şorba içən insanların çox şorba istehlak etməyənlərə nisbətən daha az kilo almağa (və daha çox lif, vitamin və mineral əldə etməyə) meyilli olduğu müəyyən edilib.
Qeyd edək ki, bulyon əsasında hazırlanan şorbalar yüksək su tərkibinə malikdir, buna görə də ümumiyyətlə aşağı kalorili olurlar. Məsələn, bir kasa kələm şorbasından yalnız 93 kalori alacaqsınız.
Ancaq mütəxəssislər pəhrizə riayət etmək istəyənlərə xəbərdarlıq edir ki, arıqlamağı asanlaşdırsa da, sürətli nəticə əldə etmək üçün bu pəhrizi maksimum 10 gün tətbiq etdikdən sonra nizamlı və sağlam qidalanma sisteminə qayıtmaq lazımdır. Əks təqdirdə bədən qida ehtiyaclarından məhrum qala, daxili orqanlarda müxtəlif problemlər yarana və vəziyyət olduqca təhlükəli hal ala bilər.