Əkrəm Əylisli: “30 yaşında olmaq istəyərdim…”

6
Dek
2023
17:46

“O qədər də ad günü həvəskarı deyiləm. Heç vaxt dəyişməyən dostlarım var. Onlar həmişə zəng edirlər. Yazıçılardan da bir iki nəfər var, adlarını çəkmək istəmirəm. Amma dostlarımın əksəriyyəti yazıçılığa aidiyyəti olmayan adamlardır. Onlar hər il məni təbrik edirlər. Köhnə illərin dostlarıdır...”

Bunu Pravda.az-a açıqlamasında yazıçı Əkrəm Əylisli deyib.

Ə.Əylisli hazırda əsər yazıb-yazmadığı barədə də məlumat verib: “Hazırda əlimdə bir yazı var. Qabaqcadan haqqında nəsə demək istəmirəm. Ədəbiyyatsız, yazısız, yaddaşsız yaşaya bilmirəm. Bilirsiniz, yazmaq yaddaşla bağlıdır. Yazmayanda yaddaşımı itirməkdən qorxuram. Ya həmişə qələmim əlimdə olur, ya da ürəyimin içində… Boynuma alıram, indi o qədər də fəal işləyə bilmirəm, etiraf edirəm”.

Yazıçı əməkdaşımızın “Hansı yaşınıza qayıtmaq istərdiniz?” sualını isə belə cavablandırıb: “Hansı yaşıma qayıtmaq istərdim… Bu barədə heç fikirləşməmişəm. Qoy bir az düşünüm, deyim… Hə, 30 yaşıma. Çünki 30 yaşımda enerjim çox idi, yaradıcılığım da fəal idi, yazıb-pozurdum. Hər halda uğurlarım çox idi. Bilirsiniz, insanda fərəh hissiyatı ki var, buna “müsbət emosiya” deyirlər. Bu fərəh hissiyyatı, mənə belə gəlir ki, 28-35 yaşlarımda lap çox idi. Gözəl işləyirdim. Ən yaxşı yazılarımı elə o vaxtlar yazmışam. Təsəvvür edin ki, “Adamlar və ağaclar” trilogiyası cavan yaşlarımda artıq hazır idi. O vaxtlar xeyli ölkədə, SSRİ-nin az qala bütün respublikalarında çap olunmuşdu. İndi də gözləyirəm, “Adamlar və ağaclar” Amerikada çap olunmalıdır. Demək olar, tərcüməsi hazırdır. Güman edirəm ki, yaxın vaxtlarda çıxacaq. Gürcüstanda isə başqa bir kitabım oktyabrda çıxmalı idi. Amma hələ mənə kitab göndərməyiblər”.

Qeyd: Ə.Əylisli bu gün 86 yaşını qeyd edir.