"O vaxt niyə bizim adımıza söz çıxmırdı, Yaşar Nuri rəhmətə gedəndən sonra isə..."

10
Mar
2024
13:00

"Teatrda çalışmaq həm çətindir, həm də insana zövq verir. Elə obrazlarım olub ki, onları oynayanda sırf həmin obraz kimi özümü hiss etmişəm. Şuxdursa şux olmuşam, qəmli obraz yaratmışamsa, həyatda da kədərli olmuşam, obrazın yerişini, duruşunu axtarıb tapmışam.

Oynadığım obrazlarımın həyatını çalışmışam ki, müvəqqəti də olsa şəxsi həyatımda da yaşayım. Bütün bunlar müvəqqəti olub. İlk tamaşa oynayana qədər. Sonra o təsir qalmayıb. Bu sənət çox çətindir. Gərək sənəti özündən də çox sevəsən ki, özünü ona qurban verəsən. İstəyirəm ki, bu sahəyə sənəti sevən gənclər gəlsin"

Azreform.info xəbər verir ki, bunu moderator.az-a xalq artisti, Akdemik Milli Dram teatrının aparıcı aktrisası Firəngiz Mütəllimova deyib. O daha sonra xalq artisti, sənət dostu Yaşar Nuri ilə bağlı danışıb.

"Mən böyük sənətkarımız Yaşar Nuri ilə dəfələrlə tərəf müqabili olmuşam, oynamışam. Tək "Səni axtarıram" televiziya tamaşası deyildi ki. Bütün bayram çəkilişlərində, teatr tamaşalarında birlikdə oynayırdıq. Mənə çox qəribə gəlir ki, o vaxt niyə bizim adımıza söz çıxmırdı, Yaşar Nuri rəhmətə gedəndən sonra hər şey baş verdi?! Mən bilirdim ki, o ailəsini, həyat yoldaşı Rəhimə xanımı necə çox sevir. Heç ağlımın ucundan belə şey keçməyib. Yaxınlarımdan da heç kim mənə deməyib ki, o səni sevir, sən onu sevirsən?! Eşitməmişəm! Mən bunu son vaxtlar eşidirəm. Həqiqətən də bu kimi söhbətlər məni bezdirib, usandırır", deyə sənətkar bildirib.

Xalq artisti bildirib ki, son məlumatları saytlardan oxuyur.

"Azərbaycan balaca bir ölkədir, qurban olaram vətənimə. Hamı bir-birini çox gözəl tanıyır. Efir güzgüdür. Efiri izləyən tamaşaçı bilir ki, kim nəyi düz danışır, kim yalan danışır, kim oynayır, kim səmimidir?! Mən gündüz efirlərini izləmirəm, axşam da daha çox xəbərlərə baxıram. Türkiyədə sevdiyim 1-2 serialım var ki, onların izləyicisiyəm. Ən çox hörmət etdiyim bir neçə internet saytlarını izləyirəm. Son xəbərləri oradan oxuyuram" deyə aktrisa bildirib.