Azərbaycan ABŞ və Avropa İttifaqının vasitəçiliyi ilə danışıqlar prosesinə qatılmaması, Ermənistanı çətin vəziyyətə salıb. N.Paşinyan hesab edirdi ki, Vaşinqton və Brüsselin vasitəçiliyi ilə Azərbaycana təzyiqlər ediləcək və beynəlxalq missiyanın vasitəçiliyi ilə Qarabağdan köçən ermənilərin qayıtmasına nail olaraq, əlavə şərtlərlə çıxış edəcək. Onun şərtlərini də Qərb Azərbaycana qəbul etdirəcək. Bununla da Azərbaycan qoşunlarını "güzgü prinsipi" ilə geri çəkəcək. Amma Prezident İlham Əliyevin strateji və manevr siyasəti Ermənistanı növbəti dəfə siyasi məğlubiyyətə uğratdı.
Bunu Azreform.info-ya politoloq Məhəmməd Əsədullazadə deyib.
Politoloq bildirib ki, Paşinyanın Qərbdə Azərbaycan əleyhinə qurmaq istədiyi siyasi təzyiq planları Ermənistanın əleyhinə işləyir.
Onun sözlərinə görə, Azərbaycan həm Zəngəzur dəhlizindən imtina edir, İran ərazisindən keçməklə yeni dəhliz əldə edir, həmçinin Vaşinqton və Brüsselin vasitəçiliyindən imtina edir. Bu, Azərbaycanın geosiyasi mövqelərini daha da gücləndirməsinə gətirib çıxarır:
"Azərbaycana nə Moskvada, nə də Qərbdə danışıqlar aparmaq sərf edir. Çünki Azərbaycan suverenliyini və ərazi bütövlüyünü bərpa edib. Azərbaycana Ermənistanla sülh müqaviləsinin bağlanması istiqamətində intensiv danışıqlar aparmaq, xarici ölkələrə səfərlər etmək vaxt itkisidir. Belə danışıqlar prosesi Ermənistanın maraqlarına uyğundur.
Qeyd edim ki, ötən gün Ermənistan xarici işlər nazirinin müavini M. Səfəryan vasitəçilərin iştirakı ilə danışıqlarda maraqlı olduqlarını və Qarabağ məsələsini gündəmdə saxladıqlarını vurğuladı. Göründüyü kimi, Ermənistan hakimiyyəti öz avantürist siyasətindən geri çəkilməyib. Əlverişli siyasi şərait formalaşdırıb, Azərbaycana qarşı siyasi şərtlərlə çıxış etməyi planlaşdırır. Məhz prezident İlham Əliyev master -klass siyasəti ABŞ, Brüssel və Yerevanın ölkəmiz əleyhinə siyasətini fiaskoya uğratdı".