Alt paltarında gəzən qardaşını öldürən şəxslə bağlı QƏRAR

6
Fev
2024
16:42

Şirvan Apellyasiya Məhkəməsində Biləsuvarda qardaşını öldürməkdə təqsirləndirilən Abuzər Şirqasımovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Elşad Əliyevin sədrliyi ilə keçiriləcək prosesdə qərar elan olunub.

Qərara əsasən, şikayət təmin edilməyib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd: 2023-cü il iyunun 17-si, saat 02:00 radələrində 1984-cü il təvəllüdlü Amil Şirqasımovun kəsilmiş-deşilmiş xəsarətlərdən Biləsuvar rayon mərkəzi xəstəxanasında ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Aparılmış araşdırmalarla 1987-ci il təvəllüdlü Abuzər Şirqasımovun Biləsuvar rayonunun Xırmandalı kəndində yerləşən evlərdən birində aralarında yaranmış mübahisə zamanı qardaşı Amil Şirqasımova bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Abuzər Şirqasımov iş üzrə şübhəli şəxs qismində tutulub.

İttihama görə, Abuzər Şirqasımov 17 iyun 2023-cü il tarixdə, təxminən saat 00:10 radələrində Biləsuvar rayonu, Xırmandalı kəndində valideynlərinə məxsus yaşadıqları evdə olarkən onunla birlikdə yaşayan qardaşı Amil Şirqasımov evdə alt paltarında yarıçılpaq vəziyyətdə gəzib. O, bu barədə qardaşına iradını bildirib. Amil isə buna məhəl qoymayaraq saymazyana formada eyni hərəkətləri təkrarlayacağını bildirib, sonra onun sifət nahiyyəsindən şillə ilə vurub. Sərxoş vəziyyətdə olan Abuzər mətbəxdən götürüb əyləşdiyi stulun altında saxladığı bıçaqla onun üzərinə hücum edib. Həmin vaxt Abuzər onları aralaşdırmaq istəyən anasının gözləri qarşısında zərərçəkmiş şəxsin bədəninə altı bıçaq zərbəsi endirərək xüsusi amansızlıqla öldürüb.