Yada düşər xatirələr... - Prezidentliyə namizəd uşaqlıq illərinə "baş vurdu"

2
Fev
2024
20:35

 

Yaşımızdan asılı olmayaraq hansımıza “ömrünün hansı çağına qayıtmaq istərsən” deyə sual ünvanlasalar, əksəriyyətimizin, hətta deyərdik ki, hamımızın verdiyi cavab eyni olar: “Uşaqlıq illərimə”. Əksəriyyət bu cavabı verirsə, deməli bu, əbəs yerə belə deyil. Həyatımızın ən yaşanmalı, əyləncəli, doymadan təkrar-təkrar yaşamaq istədiyimiz çağlarıdır uşaqlıq illəri.

Hamımızın ömrümüzün qoca çağında belə kövrələrək danışacağımız uşaqlıq xatirələri var. Doğma, illər əvvəl yaşansa belə yaddan çıxmayacaq qədər dəyərli xatirələr.

Prezidentliyə namizəd Fuad Əliyev də təbliğat, təşviqat kampaniyası çərçivəsində görüşlərinin birini uşaqlığı keçdiyi Çəmbərəkənd adlanan ərazidə keçirib.
Görüşdən sonra o, ayaqüstü uşaqlıq və gənclik illərini "qurban" verdiyi o yerlərə baş çəkib.

F.Əliyev xatırlayır ki, uşaqlığı və gəncliyi 4 yaşından 16 yaşnədək Çəmbərəkənd adlanan ərazidə Lermantov küçəsi 66-da keçib. O vaxtı Bakının qayğısız uşaqlarının yaşadığı bir ömrü yaşayıb. Küçənin yanında yerləşən bağın üçdə bir hissəsi onun babası Əliheydər Ələsgər oğluna məxsus olub. Onun dediyinə görə, hətta bunu sübut edən tarixi sənədləri də saxlayıb. Sənədlərdə yazılıb ki, bu ərazi o vaxtları, çar rejimi dönəmində 30 ədəd qızıl sikkəyə Əliheydər Ələsgər oğluna satılıb. Varlı və xeyirxah kişi olduğundan sonralar repressiya qurbanı olub.

F.Əliyev məhlələrinin yaxınlığında böyük gövdəli bir tut ağacının olduğu yerə gəlir. Deyir ki, 85-ci illərdə həmin ağacın 90 yaşı vardı. Həmin tut ağacı o qədər böyük və qollu-budaqlı idi ki, təkcə o, babasının evinə deyil, qonşularının da həyətlərinə kölgə salardı. Meyvəsinə isə söz ola bilməzdi. Sonradan o ağacı kəsdilər.


Həmin yerləri addım-addım gəzən F.Əliyev Niyazinin heykəli ucaldılan yerə gəlir. Deyir ki, 90-cı illərdə bu ərazidə babasının evinin yerində kiçik fontan qurulub, yaxınlığında isə dahi Niyazinin heykəli ucaldılıb.

Onun sözlərinə görə, məhəllənin bir dəstə uşaqları ilə Qubernator bağına düşərdilər. Həmin yerlər o vaxt balaca bir meşəlik ərazini xatırladırdı. Ağacların başı quşlar, hətta meymunların əyləncə yeri idi. Balaca meymunlar "çörək ağacı" deyilən ağacdan uşaqlara meyvə dərib atardılar.

F.Əliyev deyir ki, o çörək ağacının meyvəsi ağ olur, böyük xiyara oxşayır, dadı da turşməzədir, “C” və “B” vitamini ilə zəngindir. Rəvayətə görə, tünd xasiyyətli, hər şeydən narazı ağaca allahlar qəzəblənərək, onu yerdən qoparıb kökləri yuxarı basdırıblar. Kəllə-mayallaq dayanan ağacın nə az, nə çox 5 min ilə qədər ömrü var. Meymunun sevimli “çörək ağacı”nın adı da oradandır. İndi həm yerdən əsər, əlamət qalmayıb.

F.Əliyev deyir ki, uşaq vaxtı anası onu babasının qohumlarıgilə gəzməyə aparardı. Onlar İçərişəhərdə Firdovsi adına küçədə yaşayırdılar. Hansılar ki, Mirmövsüm Ağanın qonşuları olublar. Elə o zamanlardan anası ona Mirmövsüm Ağanın evini göstərib orada onun yaşadığını və mömin, insanlara şəfa verən bir Allah adamı olduğunu deyib. O vaxtları balaca olduğundan mömin, Allah adamın nə olduğunu başa düşməyib, amma sonradan onun kim və hansı gücə malik olduğunu dərk edib...

... F.Əliyev uşaqlıq və gənclik illərinin bir hissəsinin keçdiyi yerlərə qısa ekskurs etməklə, o vaxtkı illərini vərəqləyib, acılı, şirinli xatirələrini yada salıb....