"Nizamnaməmizə uyğun olaraq ilboyu fəaliyyətdəyik. Dövlətin uşaq siyasəti ilə bağlı qəbul etdiyi bütün proqramların həyata keçirilməsinə vətəndaş cəmiyyəti olaraq dəstək oluruq. Hər yeni ilin əvvəlində il ərzində həyata keçirəcəyimiz işlərin planını hazırlayırıq, müzakirə edib fəaliyyət planını təsdiqləyirik”.
Bu fikirləri “Uşaqların Gələcəyi Naminə” İctimai Birliyinin sədri Könül Quliyeva QHT.az- a açıqlamasında bildirib. Bu il ölkəmizdə Prezident seçkiləri keçirildiyindən hələ fəaliyyət planılarını təsdiqləmədiklərini bildirən QHT sədri bu günün tələbinə uyğun bir QHT olaraq fəaliyyəti vətəndaşlarımız arasında seçki aktivliyi və maarifləndirilməyə istiqamətləndirdiklərini də vurğulayıb: “İctimai fəal kimi mən prezidentliyə namizəd BQP sədri Fazil Mustafanın vəkili olaraq prosesə qoşulmuşuq. Seçkilər bitəndən sonra ənənəvi illik fəaliyyətimizin müzakirəsi məsələsinə qayıdacağıq. Ötən illərdə olduğu kimi bu ildə də həyata keçirilən uşaq siyasətinə dəstəklə bağlı fəaliyyətimizi davam etdirəcəyik”.
Təşkilatın missiyası, məqsədləri, nailiyyətləri haqqında da açıqlama verən Könül Quliyeva təşkilatın əsas məqsədinin uşaq və yeniyetmələrin elmə, təhsilə maraqlarının artırılmasına dəstək olduğunu vurğulayıb: “Uşaq və yeniyetmələr arasında milli mənəvi dəyərlərimizin təbliği, vətənpərvərlik ruhunun artırılmasında dövlətin bu sahədə həyata keçirdiyi siyasətə dəstəyimizdir. Nailiyyətlərimizə gəldikdə, çox işlər görmüşük, donor təşkilatların maliyyə dəstəyi ilə bir çox uğurlu layihələrə imza atmışıq. Xüsusən uşaq və yeniyetmələr arasında sağlam həyat tərzinin təbliği, vətənpərvərlik ruhunun aşılanması, pis, ziyanlı vərdişlərdən çəkindirən maarifləndirici layihələr həyata keçirmişik. Kitablar, buklet, broşür, sosial çarxlar, videomateriallar hazırlamışıq, bölgələrdə möhtəşəm tədbirlər keçirmişik”.