Gəncə Ağır Cinayətlər Məhkəməsində dələduzluqda, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığında təqsirləndirilən Zaman Zamanovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Hakim Faiq Mahmudovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Zaman Zamanovun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilib və o, dərhal məhkəmə iclas zalından həbsə alınıb.
İttihama görə, Zaman Zamanov Qazax rayonu ərazisində yerləşən ASC-lərin birinin təsisçisi olub. O, dövlət mülkiyyətinə aid olan və Cəmiyyətin müddətsiz istifadəsinə verilən, ümumi sahəsi 6,9942 ha olan torpaq sahəsini Azərbaycanın qanunvericiliyi ilə müəyyən olunmuş qaydada özəlləşdirdikdən sonra fiziki və hüquqi şəxslərin istifadəsinə, icarəsinə və mülkiyyətinə verə biləcəyi halda, sözügedən torpaq sahəsini vətəndaşlara satıb. Zaman Zamanov etibardan sui-istifadə etmə və aldatma yolu ilə özünə müraciət edən ayrı-ayrı şəxslərə inandırmaq üçün özünü ASC-nin İdarə Heyətinin sədri kimi təqdim edib. Təqsirləndirilən şəxs 2012-ci il ərzində 6,9942 ha torpaq sahəsinin ümumilikdə 2,7084 ha torpaq sahəsini faktiki olaraq 52 nəfərə satmaq adı ilə həmin şəxslərdən ümumilikdə 256 manat məbləğində pul vəsaitini alaraq şəxsi ehtiyaclarına sərf edib.
Daha sonra o, cinayət məsuliyyətinə cəlb edilib.
Məhkəmə iclasında Zaman Zamanov ona elan olunmuş ittihamlar üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərib ki, Qazax şəhərində yerləşən ASC-nin səhmdarıdır, lakin şirkətdə hər hansı vəzifə tutmur. Hazırda rəsmi iş yeri yoxdur, ancaq ASC-nin İdarə Heyətinin sədri qardaşının arvadı olsa da, Cəmiyyətə faktiki rəhbərliyi o, həyata keçirir.
©Pravda.az