Buzovnada ailə faciəsi: məhkəmədə verdiyi ifadə

29
Yan
2024
23:35

Buzovnada bir ailənin üç üzvünü qətlə yetirməkdə, bir nəfəri isə yaralamaqda təqsirləndirilən Nofəl Səfərovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin ifadəsi elan edilib.

Hakim Leyla Əsgərova-Məmmədova təqsirləndirilən Nofəl Səfərovun ifadə verməsini təklif edib. N. Səfərov ifadə vermək istəmədiyini deyib. Daha sonra istintaq video materialına baxış keçirilib. Video materialda təqsirləndirilən şəxs hadisəni törətdiyini desə də, prosesdə ifadəni təzyiq altında verdiyini bildirib:

“Hadisə baş verən gün qəssabxanada idim. Sonra dostumun kafesinə getdim. Orda olanda oğlum zəng elədi ki, belə bir hadisə baş verib. Mən də durub ora getdim. Hadisənin səhəri günü saxlanıldım”.

Daha sonra təqsirləndirilən Nofəl Səfərov məhkəmədə oğlunun da ifadə verməsini istəyib. O, oğluna da təzyiq olduğunu deyib.

Daha sonra hakim Leyla Əsgərova-Məmmədova telefon siqnalının N. Səfərovun hadisə baş verən gün həmin yerdə - Buzovnada olduğunu göstərdiyini deyib. Təqsirləndirilən şəxs isə bu suala cavab verməyib.

Proses fevralın 26-da davam etdiriləcək.

Xatırladaq ki, hadisə ötən il noyabrın 29-da Xəzər rayonu, Buzovna qəsəbəsində baş verib. Həmin gün saat 20 radələrində Buzovna qəsəbəsində 1939-cu il təvəllüdlü Elbrus Muradov, oğlu 1971-ci il təvəllüdlü Rahil Muradov, həyat yoldaşı 1945-ci il təvəllüdlü Şahirə Muradova naməlum şəxs tərəfindən kəsici alətlə qətlə yetirilib, nəvəsi 1997-ci il təvəllüdlü Elbrus Ağalarov isə bədən xəsarəti alıb.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə) və 120.2.11-ci (quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürmə) madələri ilə cinayət işi başlanılıb.

Aparılan araşdırmalarla ailənin keçmiş kürəkəni, 1976-cı il təvəllüdlü Nofəl Səfərovun şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı onları qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində N.Səfərov şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib.