MN-dəki 143 milyonluq cinayət işi: Qanunsuz hərəkətləri etməyimizə rəisimiz göstəriş verib

26
Yan
2024
19:42

Müdafiə Nazirliyinin mənimsəməyə görə tutulmuş Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadənin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

APA xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində dindirilən Anar Məmmədov bildirib ki, 2015-2019-cu illərdə Hərbi Hava Qüvvələrinin N saylı hərbi hissəsində maliyyə xidmətinin rəisi olub:


“Artıq sifariş verərək dövlət büdcəsindən əlavə pullar alaraq mənimsəmişik. Əlavə yazılan pulların 40 faizini geri qaytarmışam. Həmin pulları Cəlal Kazımova vermişəm. Hərbi hissədə yoxlamalar aparılıb, əlavə şişirdilmiş vəsaitlər müəyyən edilib. Həmin vasitələri də özümüzə götürmüşük. Sonradan yoxlamaya gələnlərə isə həmin vəsaitlərin bir hissəsini vermişik”.

Şahid deyib ki, Maliyyə Nazirliyinin apardığı yoxlamalarda iştirak edib və həmin yoxlamaların nəticəsi ilə razı olub: “İşlədiyim birinci hərbi hissədə aparılan yoxlama zamanı 391 961 manat, digər hərbi hissədə isə 50 min manat mənimsəmə müəyyən edilib. Həmin məbləğin 161 min manatı mənim tərəfindən mənimsənilib. Qalan vəsait isə müxtəlif vaxtlarda yoxlamaya gələn Həsən Paşayev və Kərəm müəllimə verilib. Bundan əlavə isə yoxlamaya gələn Cəlal Kazımova da pullar vermişəm. Birinci xidmət etdiyim hərbi hissədə Cəlal müəllimə tabe olmuşam. Bu səbəbdən yoxlamaların çoxunu da onun özü aparıb. Cəlal müəllim mənim rəisim olub, nə deyib, onu da etmişəm. Onların həmin pulları kimlərə çatdırdığın bilməmişəm”.

Prokurorun suallarına şahid belə cavab verib: “Tərəfimdən vurulmuş ziyanın ödənilməsi istiqamətində çalışıram və yaxın müddətdə ödəyəcəyəm”.

Təqsirləndirilən şəxs Cəlal Kazımov şahidin dediklərinə etiraz edib. Cəlal Kazımov şahidi yalan danışmaqda ittiham edib: “Bu bizim qoyduğumuz qaydayla işləməyib. Heç kimə də bir qəpik pul verməyib. Bu, Daxili Qoşunlardan gəlmişdi. Orada gizir idi, bizdə zabit oldu. Bu hərbi hissədə olan qadınların kartlarına pulları vurub, sonra onlardan hansısa yolla pulları alıb. Bununla bağlı məsələləri birbaşa təftişinin rəisi olan Rafael Xələfova məruzə etmişəm. Məndən qabaq heç kim bunun işini yoxlamayıb. Çünki bu Namiq Poladovun yaxın adamı idi. Hər ikisi eyni vaxtda Daxili Qoşunlardan bir gəlmişdi. Bunun işində çatışmazlıqları aşkar edib, izahatını almışdım, artıq olan pulları da vermirdi. Axırda bağını satıb verəcəyini bildirdi. Sonradan nazirlikdə aləm bir-birinə dəydi. Dedilər onunla nə işin var? Birbaşa nazirinin bacanağı olan general Elxan İbrahimova çıxmışdı. Bütün məsələləri birbaşa Nizami müəllimə dedim”.

Nizami Məmmədov məsələyə münasibət bildirib. O deyib ki, məsələlərdən xəbərdar olub: “Tapşırıq verdim ki, heç kim ondan pul almasın, nə də artıq maliyyə sifarişi qəbul etsin. Həm də ona ciddi nəzarət edilməsi ilə bağlı tapşırıq verdim. Bir müddət sonra həmin hərbi hissədən çıxartdım, başqa balaca hərbi hissəyə göndərdim. Anar Məmmədovda olan artıq pulun dövlət büdcəsinə qaytarılmasını tələb etdim və pul dövlət büdcəsinə qaytarıldı. İndi burda bilirəm ki, bu getdiyi hərbi hissədə də pul mənimsəyib”.

Daha sonra Nizami Məmmədovun vəkili Rəşad Mirmehdizadə şahidə dövlətə tərəfindən vurulmuş ziyanı ödəməyi təklif edib. Deyib ki, şahid Anar Məmmədov tərəfindən vurulmuş ziyanla bağlı burada olan digər təqsirləndirilən şəxslərə ümumi ittiham verilib.

Vəkil deyib ki, tərəflərin vurulmuş ziyanı ödəməsi ümumi işin xeyrinə ola bilər.

Bu məsələ ilə bağlı prosesə sədrlik edən hakim Fikrət Əliyev də şahidə qısa arayış verib: “Bütün görülən işlər vahid cinayət işində birləşdirilib. Ziyanın ödənilməsi işin hallarına müsbət nəticələnir. Cinayət Məcəlləsinin 179-cu maddəsi üzrə ziyan ödənildiyi halda istintaq tərəfindən cinayət işinə xitam verilməsi barədə qərar qəbul edilir. Lakin dəymiş ziyanı ödəməyən şəxsin barəsində həbs qətimkan tədbiri seçilir. Şahidlərlə bağlı vurulmuş ziyan üzrə ayrıca icraatda iş gedir. Bu səbəbdən hazırda istintaqı aparılan işlər hazırkı cinayət içi araşdırılan işlə əlaqəli işdir. Sizə məsləhət görürəm ki, ziyanı ödəyəsiniz, yoxsa barənizdə tədbir görülə bilər. İndi ziyanı ödəmək öz işinizdir. Amma mən yumşaq şəkildə problemin həll olunmasını izah etdim".

Daha sonra şahid qismində ifadə verən Emin Əhmədov bildirib ki, qanunsuzluğa yol veriblər, bunun da nəticəsində dövlətə ziyan dəyib: “Bizə qanunsuz hərəkətləri etməyimizə rəisimiz göstəriş verib. Sonradan yoxlamalar aparılıb. Artıq qalan vəsaitin 65 faizini yoxlamaya gələnlərə vermişəm, 35 faizini özünə götürmüşəm. Ümumilikdə, mənim tərəfimdən dəyən ziyan 108 min manatdır. Bunun da 30 min manatını ödəmişəm. Qalan pulu da ödəyəcəyəm”.

Proses fevralın 2-də davam edəcək.

Qeyd edək ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov, Hərbi Hava Qüvvələrinin maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadə, Müdafiə Nazirlinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi, polkovnik Mahir Şirvanov, həmçinin nazirliyin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov, nazirliyin mənzil istismar idarəsinin sabiq rəisi, polkovnik Fikrət Mirzəyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs ediliblər.

Təqsirləndirilən şəxslər dövlət büdcəsindən ayrılan pulları mənimsəməkdə ittiham edilirlər.

Xatırladaq ki, cinayət işi üzrə ümumilikdə dövlətə dəymiş ziyan 143 milyon manatdır.

Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün məhkəməyə göndərilib. İstintaq dövründə dövlətə vurulmuş ümumi ziyanın 40 milyon manatı ödənilib.

Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb. Təqsirləndirilən şəxslərin hər biri Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda ziyan vurmaqla mənimsəmə törətmək) maddəsi ilə ittiham irəli sürülüb.