Ağdamın əvvəlki şöhrəti bərpa olunacaqdır

20
Noy
2023
16:44

 

Şanlı Zəfərin təqvimizin daha bir qürurlu günü Ağdamın azadlıq gününü fəxrlə qeyd edirik.

Ağdam rayonu 1930-cu ildə yaradılıb. Sahəsi 1094 kvadrat km olan rayonun relyefi əsasən düzənlik, qismən dağlıqdır. Ağdam rayonu Azərbaycanın qədim, füsunkar təbiətli torpağı olan Qarabağın mərkəzində – Qarabağ dağ silsiləsinin şimal-şərq ətəklərində, Kür-Araz ovalığının qərbində yerləşir.

Ağdam uğrunda 42 gün davam edən döyüş 1993-cü il 23 iyul tarixində Ağdam ərazisinin 73 faizinin işğalı ilə bitdi. Ərazisi 1094 kvadrat kilometr olan Ağdamın 882 kvadrat kilometri, rayon mərkəzi ilə birgə 90 kəndi işğal olunmuş, işğal nəticəsində 128 min insan məcburi köçkün həyatını yaşamağa məcbur olub. İşğal nəticəsində Ağdam rayonunun 38 kolxozu, 12 sənaye obyekti, 74 məktəbi, 271 mədəniyyət evi, bütün dünyada yeganə olan Çörək muzeyi, 67 idarə və 99 klubu düşmən əlinə keçmişdir. Ağdam uğrunda gedən döyüşlər zamanı 6 mindən artıq insan şəhid olmuş, minlərlə insan yaralanmış, əhali öz doğma ev-eşiyindən qovularaq məcburi köçkün kimi Azərbaycanın 59 rayonunun 875 yaşayış məntəqəsində məskunlaşmışdır.

İşğalçı Ermənistan Cenevrə Konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Ağdam rayonunda coğrafi adların dəyişdirilməsi, oradakı mülkiyyətin talan edilməsi və ərazilərin yandırılması kimi qeyri-qanuni əməllər törədib. Ümumiyyətlə, Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş rayonların azərbaycanlı sakinlərinə qarşı etnik təmizləmənin törədilməsi Ermənistanın əsl niyyətinin hərbi təcavüz və işğal yolu ərazi əldə edilməsi olduğunu qabarıq şəkildə nümayiş etdirirdi.

Ağdam şəhərinin işğaldan azad edilməsindən üç il ötür: “44 günlük Vətən müharibəsində Azərbaycan Prezidentinin diplomatik məharəti, qətiyyəti, dəmir iradəsi və Azərbaycan Ordusunun şanlı Zəfəri Ermənistanı kapitulyasiyaya və əraziləri boşaltmağa məcbur etdi. Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistanın baş nazirinin imzaladığı birgə Bəyanata əsasən 2020-ci il noyabrın 20-də Ağdam rayonunun işğal olunmuş ərazisi Ermənistan ordusu tərəfindən boşaldıldı. 27 ildən sonra Ağdam şəhərində yenidən Azərbaycanın üçrəngli bayrağı dalğalanmağa başladı. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində deyib: “Ağdam rayonunun işğaldan azad olunması noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın nəticəsidir. Mən dəfələrlə demişdim ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli həm siyasi, həm hərbi yollarla mümkündür. Biz uzun illər ərzində bu məsələni siyasi yollarla həll etməyə çalışırdıq. Ancaq bütün dünya gördü ki, məhz, Ermənistanın mövqeyinə görə bu məsələ öz həllini tapmamışdır və məsələnin hərbi yollarla həll edilməsi bizim qanuni hüququmuz idi. Bu hüququ beynəlxalq norma və prinsiplər tanıyır. Bu hüquq bizə BMT Nizamnaməsi tərəfindən verilibdir. Hər bir ölkə özünü müdafiə edə bilər və biz də özümüzü müdafiə etmişik”.

Ali Baş Komandan cənab İlham Əliyev və Birinci xanım Mehriban xanım Əliyeva 2020-ci il noyabrın 23-də, azadlığından cəmi üç gün sonra Ağdama yollanması, rayonun mənəvi rəmzi Ağdam Cümə məscidini ziyarət edərək məscidin önündən ağdamlılara, Azərbaycan xalqına Ağdam şəhərinin, bütün kəndlərin bərpa ediləcəyinə dair əzm və qətiyyətlə söz verməsi ürəyimizi dağa döndərdi, ağ damlı şəhərimizin ruhunun tezliklə özünə qaytarılacağının xoşbəxtliyini yaşadıq.

2021-ci il - Müstəqillik Günündə Ağdamın bərpasının başlanğıcını qoyan dövlət rəhbərimiz ən müasir Ağdamın qurulacağının və buranın tezliklə modern şəhərə çevriləcəyinin xoş xəbərini verdi.

Ağdam gündən-günə çiçəklənir, gülüstana çevrilir. Dövlətimiz tərəfindən Qarabağın qədim diyarında görülən bütün bu möhtəşəm işlər tezliklə doğma yurdumuz Ağdama doğru da qayıdış karvanlarının yol alacağının xoş sorağını verir. Biz əminik ki, Ağdamın əvvəlki şöhrəti qaytarılacaq, bu torpaqlarda yaşamaq bizim əzəli və əbədi hüququmuzdur.

Mehriban İsrafilova
Xətai rayon İcra Hakimiyyəti-baş məsləhətçi