Xanımlar, dəyərinizi bilin. Yeyib-içib kökəlib sonra da bıçağı cərraha verirsiniz ki, mədəmi kəs tulla, al bu da üstündə neçə min pul.
Azreform.info xəbər verir ki, bu sözləri pediatr Aytən İsmayılzadə deyib. O bildirib ki, problem mədənin böyük olmasında yox, insanların zehnindədir.
"Pulu veririk ki, mədəmizi kəsdirib özümüzü yarımcan edək. İndi kimlərsə fikir bildirə bilər ki, "yarımcan filan deyiləm, əlləri qızıl doktorum məni fit qız eləyib". Bu, cahillikdən başqa şey deyil. Öz kefimizdən sağlamlığa cavabdeh olan bir yerimizi kəsdirib tullamaq elə özünə qəsd kimi bir şeydir. Siz elə bilirsiniz ki, problem mədənin böyük olmasındadır? Xeyr. Problem bizim zehnimizdədir. Heç bircə hüceyrə yarada bilmədiyimiz halda o boyda vacib orqanı tikə-para edib zibilə atırıq. Niyə? Sadəcə az yeyib arıqlayaq deyə bu cür nizamlı balansı pozmaq olarmı? Bunu edənə də, etdirənə də günahdır. Fiziki bədəniniz ruhunuzun evidir. Onu düzgün bəsləyin. Onu istədiyiniz kimi zədələyərək düzəltməyə ixtiyarınız yoxdur. Necə ki bir ana uşağının barmağına iynə batsın istəməz, özünüzədə o cür qoruyucu və sevərək yanaşın!"
Həkim deyib ki, mədə kiçilmir, kəsilərək dəyişir:
"Mədə bir orqan olaraq sadəcə yemək kisəsi deyil ki, dibi kəsilib tikilsin. Mədənin hissələri bir-birini təkrar etmir və hər tərəfi müəyyən hormon və maddələr buraxır. Mədənin cismi, dibi, girişi, çıxışı, əyrilikləri fərqlidir. Bağırsaq təkrarlana bilir, onun kəsilib-tikilməsi ilə mədə bir deyil. Əməliyyatın adı isə mədəkiçiltmə yox, mədəkəsilmə olmalıdır. Çünki sadəcə mədə kiçilmir, kəsilərək dəyişir. Və bu dəyişən orqan artıq mədə olmur.
Biz mədəmizi ancaq onu və özümüzü qorumaq məqsədilə, məsələn, mədə xərçəngi zamanı kəsdirə bilərik. Öz görünüşümüzə görə deyil.
Deyək ki, xanımdır, başa düşmür, ancaq görüntü axtarır. Bəs öz xalqıma xas toppuş qızların da mədəsini kəsməyə əlini bulaşdıran həkimlərə nə demək olar? Bu ki faciədir! Buna aid instaqramda çoxsayda reklam şəkilləri var.
Səhiyyə sistemindən bir insan isə çıxıb "dur" demir. Belə işlərə görə o cür həkimlərə ümumiyyətlə, əməliyyat etməyi qadağan etməlidirlər. Lakin bugünkü dünyada mümkün deyil".
A.İsmayılzadənin sözlərinə görə, mədəkiçiltmə əməliyyatı bir sıra problemlər yaradır:
"Bu əməliyyatı icra edənlər deyə bilər ki, ay artıq çəki, dizlər, ürək, təzyiq, şəkər və s. problemlərə səbəb olur. Artıq çəki pozulmuş sistemin nəticəsi olaraq bir problemdir. Məgər mədə kəsiləndə pozulmuş sistem qaydaya düşür? Mədə kəsilibsə, bir çox minerallar sovrula bilmir, zülal yaxşı həzm olmur, kimdəsə öyümə, qusma olur, insan normal həcmdə qidalana bilmir. Bu günə qədər olan orqanizm isə əvvəlki kimi tələb edir. Balans pozulması dərinləşir, ruhun qocalması sürətlənir. Bu gedişlə hər cür xəstəliyin sürətlənməsi gözlənilir. Bədən iflas edir.
Vicdanı olan hər kəs toppuş xanımları şikəst etməsin. Kim bu işdən peşman olubsa, ətrafına bildirsin, video çəkib paylaşsın. Heç kim heç kimin "kopya"sı olmalı deyil. Bizi buna məcbur edən sosial şəbəkələrdən, ətrafdan hərənin bir daş atdığı zehnimizdir. Bu yola getmək istəyən xanımlar bir daha düşünsün, doğru yol seçsinlər. Yeyəndə də, yeməyəndə də özümüzə zərər vurmamalıyıq".
Billurə