Son statistikalara görə, Azərbaycanda psixi və davranış pozuntuları olan 18 min 561 nəfər qeydiyyatdadır. Bu göstərici son 20 ildə ən yüksək göstəricidir.
Müqayisə üçün qeyd edək ki, 20 il öncə bu xəstələrin sayı 10 min 251 nəfər olub. Bəs görəsən ölkəmizdə psixi xəstəliklərin artım səbəbi nədir?
Mövzu ilə bağlı Yenisabah.az-a danışan psixiatr Orxan Fərəcli bu tip xəstəliklərin yaranma səbəbləri barədə məlumat verib.
“Bu artım daha çox nevrotik pozuntularda özünü göstərir. Nevrotik pozuntular dedikdə isə, nevroz, depressiya və bu qəbildən olan xəstəliklər nəzərdə tutulur.
Nisbətən ağır psixi xəstəliklərdə xüsusi bir artım yoxdur. Psixi xəstələrin artımı əslində bütün dünyada özünü göstərir. Səbəblər arasında başlıca olaraq, stressli həyat tərzi, iqlim normalarının dəyişməsi, iş yükünün artması, yuxusuzluq kimi faktorlar ön plana çıxır”.
Psixiatr həmçinin insanların bu xəstəliklərdən qorunması üçün nələr etməli olduğunu da qeyd edib.
“İnsanlar psixi xəstəliklərdən qorunma barədə daha həssas olmalıdır. İstirahət, yuxu rejimi və qidalanma mövzularında həkimlərlə müntəzəm fikir mübadiləsi çox önəmlidir”.