“Varlı vətəndaş, varlı ölkə!”- Fuad Əliyevin prezident seçkilərində əsas şüarı

17
Yan
2024
05:32

Namizədlər təbliğat-təşviqatda əsas hansı məsələləri və ya problemləri qabardacaqlar - sosial iqtisadi məsələlər, korrupsiya, yoxsa... 

Prezidentliyə namizəd Fuad Əliyev isə seçkiyə bu şüarla gedir: “Varlı vətəndaş, varlı ölkə!” 

“Yeni Müsavat”a açıqlamasında prezidentliyə namizəd bildirdi ki, 7 fevral 2024-cü il tarixi Azərbaycan dövlətçilik tarixində yeni mərhələnin başlanğıcı kimi əlamətdar olacaq:

“Bu günü Azərbaycan tarixinə qızıl hərflərlə yazmaq, gələcək nəsillər üçün suveren Azərbaycanı qoruyub yaşatmaq, ata-babalarımızdan bizə əmanət qalan dövlətçiliyimizi əmin dövlət başçısına etibar etmək xalqımızın əlindədir. Müstəqil ölkənin müstəqil vətəndaşları olaraq seçkiyə gəlmək və layiq bildiyiniz namizədə səs vermək seçki günü ölkəmiz adına görə biləcəyiniz ən şərəfli iş və böyük vəzifədir. "Vətəndaş Birliyi" seçki qərargahı vətəndaşlarımızın gələcək rifahı, dövlətimizin əbədi müstəqilliyi və suverenliyimizin qorunması üçün təsis olunmuş və prezident seçkisində mənim namizədliyimi irəli sürüb. Vətəndaşlarımızın şəxsimə olan etimadını və inamını doğrultmaq üçün prezident seçkisində namizəd olmağı qəbul etmiş və bu məsuliyyəti dərindən dərk edərək seçkilərdə iştirakı şərəfli vəzifə hesab etmişəm. Bu gün nəinki bizim dostlarımız, hətta bizi sevməyən bədxahlar belə ölkəmizin qazandığı uğurlardan və qələbələrdən heyranlıqla bəhs edirlər. Azərbaycanın bugünkü inkişafının davamlılığını təmin etmək, onu məkrli təsirlərdən qorumaq hər bir vətəndaşın və dövlətə rəhbərlik edən şəxsin çiyinlərinə ali və böyük məsuliyyət qoyur".