“Əhali üçün yanacaq və elektrik enerjisi qiymətlərinin 2024-cü il aprelin 1-dən aşağı salınması lazımdır”. Bu sözləri Cumhuriyyet.net-ə açıqlamasında Prezidentliyə namizəd Fuad Əliyev bildirib. Onun sözlərinə görə, Azərbaycan enerji istehsal edən və dünyaya satan ölkədir: “Bu gün Azərbaycan Avropa dövlətlərinə, İsrailə neft-qaz ixrac edən dövlətdir. Biz elektrik enerjisi satan ölkəyik. Əgər bir ölkə başqa dövlətlərə işıq, qaz satırsa, onun vətəndaşına yanacaq məhsulları baha satıla bilməz. Ona görə də bu istiqamətdə dövlət güzəştlər tətbiq etməli, insanların, aztəminatlı ailələrin güzəranını nəzərə almalıdır”.
F.Əliyev hesab edir ki, qaz və işıq limiti də ləğv edilməlidir: “Bu da əhali üçün ağır yükdür. Nəzərə alaq ki, qış gəlməmiş artıq çox mənzillərdə limiti keçirlər. Elə ailələr var ki, ayda 150 manat qaza, 100 manat işığa ödəniş edirlər. Belə ailələr çoxdur. İnsanlar çətinlik çəkirlər. Hesab edirəm ki, sosialyönümlü büdcəsi olan dövlətdə bu işlər görülməlidir”.
F.Əliyev ikinci bir məsələnin də reallaşmasını zəruri hesab edir: “
Azərbaycanda yaşayış minimumunun, habelə sosial müavinət və pensiyaların artırılması vacibdir. İnflyasiya göstəricilərini nəzərə alaraq minimum aylıq əməkhaqqının 500 manata qədər artırılması labüddür. Pensiya yaşının kişilər üçün 62, qadınlar üçün 59 yaş həddində müəyyən edilməsini təklif edirik.
Müəllimlərin və həkimlərin maaşlarının artırılması ilə təhsil sistemində və tibbdə korrupsiyaya qarşı ünvanlı islahatların aparılmasına ehtiyac var”.