Qubada “Danışmaqdan utanma!” adlı layihənin icrasına başlanılıb

11
Yan
2024
13:12

 

Azərbaycan Respublikası Elm və Təhsil Nazirlyinin “Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsi”nin qalibi olan “Danışmaqdan utanma - ictimai natiqlik müsabiqəsi" layihəsinin açılış mərasimi keçirilib.

Quba şəhər Azad Məmmədov adına 2 nömrəli təbiət fənləri təmayüllü məktəb-liseydə təşkil olunan açılış mərasimində çıxış edən layihə rəhbəri, Quba rayonu Üçgün kənd ümumi orta məktəbinin Azərbaycan dili və ədəbiyyatı müəllimi Elməddin Ələsgərli layihə haqqında geniş məlumat verib.

Layihə rəhbəri bildirib ki, layihə çərçivəsində Quba rayonunun Üçgün, Qımıl, Küpçal və Qələdüz kənd ərazilərində yaşayan və təhsil alan 30 nəfər 8-9-cu sinif şagirdləri ictimai natiqlik, debat, təqdimat bacarıqları mövzularında təlimlərə cəlb ediləcək, təlimlərdən sonra isə həmin şagirdlərin iştirakı ilə natiqlik müsabiqəsi təşkil olunacaqdır.

Tədbirdə iştirak edən Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Quba rayonu üzrə təhsil sektorunun əməkdaşı Ramin Mahmudov çıxışı zamanı bildirib ki, layihənin icrasının əsas məqsədi şagirdlərdə özünüifadə bacarıqlarının inkişaf etdirilməsi, natiqlik, debat biliklərinin artırılması, Azərbaycan dilində səlis danışmaq qabiliyyətinin yüksəldilməsidir.

Təhsil və gənclərlə bağlı layihələr üzrə ekspert Ehtiram Sadıqzadə layihə çərçivəsində görüləcək işlərlə bağlı məlumat verib.

Tədbirdə layihənin icra olunacağı ərazilərdə olan məktəblərin - Quba rayonu Qımıl kənd tam orta məktəbinin, Quba rayonu Küpçal kənd tam orta məktəbinin, Quba rayonu Qələdüz kənd ümumi və Quba rayonu Üçgün kənd ümumi orta məktəbinin Azərbaycan dili və ədəbiyyatı müəllimləri, tarix müəllimləri, psixoloq, uşaq birliyi təşkilatı rəhbərləri və uşaqlarla məktəbdənkənar və sinifdənxarıc tərbiyə işləri üzrə təşkilatçıları iştirak edib.