Mehdi Balabəyov
YAP Şabran rayon təşkilatının sədri
Dövlət başçısı İlham Əliyev noyabrın 9-da Daşkənddə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 16-cı Zirvə toplantısında iştirak etdi.
Qeyd edək ki, 1964-cü ildə Türkiyə, Pakistan və İran tərəfindən “Regional İnkişaf üçün Əməkdaşlıq” kimi yaradılan təşkilat 1985-ci ildə İqtisadi Əməkdaşlıq Təşkilatı kimi yenidən formalaşdırılıb. Azərbaycan quruma 1992-ci ildə daxil olub. Ötən müddətdə Azərbaycan təşkilatda fəal rolu ilə seçilib və üzv dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri qurub. Azərbaycanın xarici siyasətində ECO-ya üzv ölkələrlə əməkdaşlıq prioritetdir. Ulu Öndər Heydər Əliyev ECO-nun fəaliyyətinə xüsusi önəm verirdi. Belə ki, Ümummilli Lider hələ 2002-ci ildə ECO-ya üzv ölkələrin İstanbulda keçirilmiş dövlət və hökumət başçılarının 7-ci Zirvə görüşündə təşkilatın daha səmərəli fəaliyyətinin təmin olunması məqsədilə Bakıda qurumun Tədqiqat Mərkəzinin yaradılması təklifini irəli sürmüşdür. Azərbaycan ECO-nun fəaliyyətinə töhfələrini davam etdirir. Ölkəmiz təşkilatın bir sıra toplantılarına uğurla ev sahibliyi edib. Belə ki, təşkilatın 9-cu və 12-ci Zirvə toplantıları müvafiq olaraq 2006-cı və 2012-ci illərdə Bakıda reallaşıb. Bu il oktyabrın 10-da isə Şuşada İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclası keçirildi. Eyni zamanda, Şuşa şəhəri 2026-cı il üçün “ECO-nun turizm paytaxtı” elan edilib.
İqtisadi Əməkdaşlıq Təşkilatının 16-cı Zirvə toplantısı Azərbaycanın iqtisadi imkanları ilə yanaşı, həqiqətlərimizin, 30 illik işğal və postmünaqişə dövrünün reallıqlarının dünya ictimaiyyətinə çatdırılması üçün növbəti platforma oldu. Dövlət başçısı bütün tədbirlərdə müzakirəyə çıxarılan məsələlərlə bərabər regionda sülhün və təhlükəsizliyin təmin edilməsinə diqqəti yönəldərək tarixə qovuşan Qarabağ münaqişəsinin əsil mahiyyətindən, Ermənistanın əsassız torpaq iddiasının hansı faciələrə gətirib çıxarmasından, 30 il işğal altında qalan torpaqlarımızda törədilən dağıntılardan, Azərbaycan xalqının izlərinin itirilməsi üçün edilən cəhdlərdən geniş bəhs edir. Bu baxımdan İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə toplantısı xüsusi diqqət çəkdi. Prezident İlham Əliyev Ermənistanın Azərbaycanın 20 faizə yaxın ərazisini təqribən 30 il ərzində işğal altında saxladığını, həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində bir milyondan artıq azərbaycanlının öz dədə-baba yurdlarından qovulduğunu, qaçqın və məcburi köçkünə çevrildiyini bildirdi. 2020-ci ildə Azərbaycan BMT Nizamnaməsindən irəli gələn legitim özünümüdafiə hüququndan istifadə edərək Vətən müharibəsində Ermənistanı döyüş meydanında məğlubiyyətə uğratdı və BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və 27 il ərzində kağız üzərində qalmış dörd qətnamənin icrasını özü təmin etdi.
Bu fakt da diqqətə çatdırıldı ki, işğal dövründə Ermənistan Azərbaycanın doqquz şəhərini və yüzlərlə kəndini yer üzündən silmiş, İslam dininə məxsus mədəni və tarixi irsimizi dağıtmış və təhqir etmişdir. 67 məsciddən 65-i dağıdılmış, qalanları isə inək və donuz saxlanılması üçün tövlə kimi istifadə olunmuşdur. Bu il sentyabrın 19-20-də keçirilmiş birgünlük antiterror əməliyyatı nəticəsində Azərbaycan Qarabağdakı qanunsuz separatçı rejimin mövcudluğuna son qoydu və özünün beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində suverenliyini tam bərpa etdi.Ərazi bütövlüyümüzü və suverenliyimizi güc yolu ilə, beynəlxalq hüquqa və BMT Nizamnaməsinə uyğun olaraq bərpa etmişik və bununla qürur duyuruq.
Qeyd edək ki, İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələr Azərbaycanın haqq işinə daim öz dəstəklərini göstəriblər. Türkiyə və Pakistanın Azərbaycana hərtərəfli dəstəyi özünü bütün dövrlərdə açıq şəkildə büruzə verib. Bu iki ölkənin Vətən müharibəsi dövründə Azərbaycana siyasi və mənəvi dəstəyi açıq və birmənalı olub. Həmçinin 2021-ci ildə Türkmənistanda keçirilmiş Zirvə Toplantısının sonunda qəbul edilən “Aşqabad fəaliyyət konsensusu” adlı yekun bəyannamə özündə Azərbaycanın maraqlarına birbaşa cavab verən müddəaları da ehtiva edir.
Göründüyü kimi, Azərbaycanın xarici siyasət uğurları davamlılığı ilə diqqətdədir. Əlaqələrin inkişafı günümüzün əsas çağırışlarının birgə cavablandırılmasında əhəmiyyətli rol oynayır