Tiflis düşünür ki, Bakı onu bağışlayacaq - Arkov

14
Noy
2023
14:09

Müşahidə olunanların məntiqi izahlarından biri Gürcüstanda 2024-cü ilin payızına təyin edilmiş parlament seçkisidir. Gürcüstan parlamentli respublika olduğu üçün bu amil vacibdir. Belə deyək, bu, Azərbaycan, Türkiyə və ya Rusiyada olduğundan qat-qat güclüdür.

Azreform.info xəbər verir ki, bu sözləri Axar.az-a rusiyalı politoloq Vitali Arkov Fransa silahlarının Gürcüstan ərazisindən Ermənistana daşınmasını şərh edərkən deyib.

“Bugünkü vəziyyət hakim Gürcü Arzusu Partiyası üçün asan deyil. Onun AB və Rusiyaya qarşı mövqeləri fərqli olduğu üçün Avropa ilə əlaqələrində inkişaf yoxdur. Gürcüstan Prezidenti Zurabişvili ilə Gürcü Arzusunun nəzarətində olan Gürcüstan hökuməti, şəxsən Zurabişvili ilə İvanişvili arasında münaqişə nəticəsində Tiflis-Paris münasibətləri kəskinləşir. Yeri gəlmişkən, hər ikisinin əvvəllər Fransa vətəndaşlığı olub və xanım Prezident də Fransada doğulub, uzun illər Parisi təmsil edərək diplomatik sahədə çalışıb. Yelisey Sarayı ilə əlaqələr qorunub saxlanılıb. Üstəlik, bir sıra gürcü siyasətçisi deyir ki, Zurabişvili gürcü xalqına deyil, Fransa xüsusi xidmət orqanlarına çalışır, onlardan tapşırıqlar almağa davam edir. Hakim Gürcü Arzusu Partiyasının Fransanın silahlarının Ermənistana tranzitinə dair uzun müddətdir verdiyi tələbə razılığı Tiflislə Paris arasında konkret olaraq seçkilər kontekstində hansısa razılaşmanın əldə olunduğunu göstərə bilər. Əvvəllər olsaydı, tək Parisin fikri əhəmiyyət kəsb etməzdi. Amma indi Almaniyanın kansler postuna Şoltsun təyin edilməsindən, Berlinin AB üzərində əvvəlki total nəzarətini itirməsindən və Brüsselin qərarlarına real təsir rıçaqlarının Parisdə cəmləşməsindən sonra AB-nin mövqeyini formalaşdıran Yelisey Sarayının fikri böyük əhəmiyyət kəsb edir. Buna görə də Tiflis Parislə münasibətlərinə düzəliş etmək məcburiyyətindədir. Hətta qismən Bakı ilə münasibətlərin ziyanına - Azərbaycanın başa düşəcəyi və bağışlayacağı ümidi ilə”, - o bildirib.