“Faiq Qarayev çox ağıllı və təcrübəli mütəxəssisdir”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında voleybol üzrə Azərbaycan millisinin sabiq üzvü Yelena Şabovta Faiq Qarayevin yığmanın sükanı arxasına keçməsi ilə bağlı danışarkən deyib.
Hazırda Fransada yaşayan keçmiş oyunçu 64 yaşlı mütəxəssisin təyinatının doğru seçim olduğunu bildirib:
“O, yığmada istədiyi nəticənin arxasınca sona kimi gedər və onu qazanar. Oyunçular arasında birlik yaratmağı bacarır. Məşqçi olmaq çox stresli və çətin işdir. Ona uğurlar arzulayıram”.
O, gələcəkdə Azərbaycan millisində yeni istedadlı voleybolçuların olacağına inandığını söyləyib:
“Hazırkı vəziyyətdə millidə çox dəyişiklik etmək mümkün deyil. Hələ də yığmada yaxşı gənc oyunçular görmürəm. Ən önəmlisi isə Azərbaycanda Yelena Şabovta kimi voleybolçu yoxdur”.
Millinin gələn il keçiriləcək Qızıl Avropa Liqasındakı şanslarına da toxunan Y. Şabovta əlavə edib:
“Hədəf yarımfinala kimi irəliləməkdir. Finala vəsiqə qazansalar, bunu böyük uğur saymaq olar”.
Qeyd edək ki, Yelana Şabovta Azərbaycanda “Neftçi” və “Azərreyl” komandalarının formasını geyinib.