Fuad Əliyev: Bəzi vətəndaşlara “sən işləyirsən və maaş alırsan” deyərək...

27
Dek
2023
10:11

"Sosial yardım almaq üçün bəzi işsiz  vətəndaşların adları, işləyənlərin siyahılarında “tapılır””

 

Bu fikirləri Azreform.info-ya Müstəqil Həmkarlar Birliyinin sədri Fuad Əliyev bildirib.

Onun sözlərinə görə Müstəqil Həmkarlar Birliyinə müraciət edən vətəndaşlar bu və digər problemlərlə üzləşirlər:

“Sosial yardım almaq üçün və yaxud işsizliklə bağlı müraciət edən bəzi vətəndaşlara “sən işləyirsən və maaş alırsan” deyərək, köməklik etməkdən imtina edirlər. Sonra biz araşdıranda məlum olur ki, sosial yardım almaq üçün bəzi işsiz vətəndaşların adları, işləyənlərin siyahılarında “tapılır”. Kim onların adlarını belə qeyd edib? Kim bu saxtakarlığa yol verib? Bu çox ciddi məsələdir”.

 

Fuad Əliyevin sözlərinə görə eynilə işsizliklə bağlı müraciət edənlər problemlərlə üzləşirlər:

“Bizə müraciət edənlər bildirirlər ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Məşğulluq Agentliyindən “iş yoxdur, olanda çağıracağıq” ya da “siz işləyirsiz” cavabı alırlar. Yenə də, biz müraciətləri araşdıranda məlum olur ki, vaxtı ilə bu vətəndaş əmək müqaviləsi ilə bir şirkətdə işləyib. Müqavilə vaxtı bitəndən sonra, müqaviləyə xitam verilsə də, adı elektron informasiya sistemində “müqavilə ilə işləyən” kimi qalıb, silinməyib. Bu da yenidən müraciət edən vətəndaş üçün problem yaradır. Dövlət Məşğulluq Agentliyinin əməkdaşları bu məlumatı vətəndaşlara vermirlər. Bununla da narazılıq yaranır. Problemi həlli şox asandır. Əgər bir vətəndaşın sığorta ödənişi olmayıbsa, deməli, o, işsizdir”.