Xankəndində Zəfər Günü

13
Noy
2023
14:51

Xankəndində keçirilən hərbi parad Azərbaycan xalqının iki əsrdən artıq zaman kəsiyində məruz qaldığı, misli görünməmiş bir haqsızlığın qarşılığı, Dövlət və Vətən sevgisinin, strateji zəkanın, milli idrakın, xarakterin və ilahi ədalətin təntənəsidir.


Xankəndində Zəfər Günü münasibətilə baş tutan parad, geridə qalan bir əsrlik tarixin gedişatını nəzərə alsaq, heç bir halda tarixin təkrarlanması kimi qiymətləndirmək olmaz. Bu, tarixin təkrarlanması yox, qüsursuz və dolğun bir şəkildə yenidən yazılmasıdır. Bu, xeyirin şər, işığın qaranlıq, haqqın ədalətsizlik, torpağa, Vətənə olan sevginin kin və nifrət, qərəz, yalan və böhtan üzərindəki möhtəşəm qələbəsini simvolizə edən tarixi hadisədir. Xankəndidə keçirilən parad böyük qələbəmizin mükəmməl bir şəkildə və ən önəmlisi isə tarixə nümunə ola biləcək bir fədakarlıq və ləyaqətlə tamamlanmasını simvolizə edən hərbi-siyasi, milli xarakterin özünüifadəsi baxımından isə fenomenal etnososial olaydır.

Paradı qəbul edən Ali Baş Komandan, Prezident İlham Əliyevin nitqi isə, şübhəsiz ki, hazırda gözümüz önündə cərəyan edən və geridə qalan tarixi proseslərin ardıcıllıqla və mükəmməl dəyərləndirilməsi faktı kimi hələ uzun illər boyu müzakirə və təhlil predmeti olacaq. Bu xüsusda dövlətimizin başçısının toxunduğu bir neçə məqama diqqət çəkmək istəyirəm. Düşünürəm ki, tarixi proseslərin dəyərləndirilməsi baxımından, cənab Prezidentin İkinci Qarabağ müharibəsindən öncə, həm də dəfələrlə dilə gətirdiyi xəbərdarlıqlarla bağlı mesajlara nəzər salmaq, daha doğru olar. Azərbaycan Ermənistana və himayəçilərinə, ən müxtəlif səviyyələrdə, həm də dəfələrlə xəbərdarlıq etmişdi. Cənab Prezident müxtəlif kürsülərdən bəyan Azərbaycan torpağında ikinci erməni dövlətinin yaradılmasına icazə verməyəcəyik, danışıqlar nəticəsiz başa çatsa, güc tətbiq edərək beynəlxalq hüquq əsasında öz doğma torpaqlarımızı döyüş meydanında işğalçılardan azad edəcəyik.

Lakin Ermənistan rəhbərliyi və onun arxasında o vaxt və bu gün duran bəzi xarici qüvvələr bu xəbərdarlıqlardan nəticə çıxarmadılar. Əgər onlar reallığı dərk edə, həqiqətin gözünə dik baxa bilsəydilər, o zaman İkinci Qarabağ müharibəsinə ehtiyac qalmayacaqdı. Amma nəticə çıxara bilmədilər, miflərə, əfsanələrə, uydurduqları yalanların həqiqiliyinə inandılar. Onlara elə gəldi ki, fitrətdən tolerant və humanist olan Azərbaycan xalqı və onun milli iradəsinin ifadəçisi olan Prezident İlham Əliyev işğala hərbi yolla son qoymaq istəməyəcək və Ermənistanın siyasi rəhbərləri də öz himayəçilərindən, beynəlxalq münasibət sistemindəki boşluqlardan istifadə edərək danışıqlar prosesini sonsuza qədər davam etdirə biləcəklər. Lakin Azərbaycan Ordusunun Ali Baş Komandanın əmri ilə 2020-ci il sentyabrın 27-də başladılan Zəfər yürüşü bütün bu hesablamaların üzərindən çalın-çarpaz xətt çəkdi, Ermənistanın və onu idarə edənlərin saysız-hesabsız tədiqiqat mərkəzlərinin, hərbi-siyasi institutlarının proqnozlarını boşa çıxardı... 2020-ci il noyabrın 10-da kapitulyasiya aktına imza atan Ermənistan, rüsvayçı məğlubiyyətindən nəticə çıxara bilmədi və yenə də xarici təhrikçilərinin sifarişlərini yerinə yetirməklə üzərinə götürdüyü öhdəlikləri, ən müxtəlif bəhanələrlə yerinə yetirməməyə cəhd göstərdi.

Azərbaycanın bu il sentyabrın 20-dək etdiyi xəbərdarlıqlardan nəticə çıxarılmamasının sonucu isə ortaqlıdadır. Cənab Prezidentin qeyd etdiyi kimi, əgər Ermənistan rəhbərliyi əgər revanşist fikirlərlə yaşayırsa, Ermənistanın arxasında dayanan manipulyasiyaya öyrəşmiş ölkələr əgər yenə də Azərbaycan üçün hansısa məkrli plan qurursa, o, bugünkü parada bir nəzər yetirsin. Bilsin ki, burada mindən çox igidimiz düzülübdür və bizim 100 mindən çox onlar kimi igidlərimiz var və heç bir qüvvə bizi təhdid edə bilməz.

Teymurçin Mirzəbəyli
Xətai rayon İcra Hakimiyyəti - aparıcı məsləhətçi