“Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsində hər iki oyunda məğlub etdiyi İsveçin “Hakken” klubu futbolçusu Romeo Amaneni Şotlandiya təmsilçisi “Seltik”ə satmağa hazırlaşır.
“Report”un yerli mətbuata istinadən məlumatına görə, “Seltik” 20 yaşlı yarımmüdafiəçini qış transfer dönəmində heyətinə cəlb etməyə yaxındır.
Bildirilir ki, Qlazqo təmsilçisinin skautları “Hakken”in “Qarabağ”la Bakıdakı son tur matçını stadiondan canlı izləyiblər və Amaneni bəyəniblər. Həmin qarşılaşmada 90 dəqiqəni əvəz edilmədən keçirən Kot-D`İvuardan olan oyunçunun keçidinin şotlandlara üç milyon funt-sterlinqə başa gələcəyi gözlənilir.
Qeyd edək ki, “Hakken” “Qarabağ”a öz meydanında 0:1, səfərdə isə 2:1 hesabı ilə məğlub olub. İsveç klubu qrupu xalsız başa vurubsa, “Qarabağ” 10 xalla ikinci yeri tutaraq, pley-offa vəsiqə qazanıb.