Qərb Ermənistanın Azərbaycana qarşı hərbi təxribatlarına dəstək verəcək

13
Noy
2023
11:01

Ermənistan Azərbaycana qarşı beynəlxalq müstəvidə aqressiv ritorikanı davam etdirir. Qərbin regionda anti-Rusiya siyasəti və Türkiyənin Cənubi Qafqaz, Mərkəzi Asiyada geosiyasi əhəmiyyətini artırması, Qərbin N. Paşinyana siyasi dəstək verməsi ilə nəticələnir.

Azreform.info xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

O, qeyd edib ki, Cənubi Qafqazda ciddi geosiyasi proseslər gedir. Avropa İttifaqının siyasi dəstəyi ilə Fransanın Ermənistana hərbi texnika və silahlarını tədarük etməsi, regionda yeni hərbi eskalasiyaya gətirib çıxarması mümkündür. Çünki, Ermənistanda revanşizm siyasəti inkişaf edir, Ermənistan hakimiyyətinin Azərbaycana qarşı diplomatik müharibəsi davam edir. Ermənistan beynəlxalq müstəvidə elə bir təəssürat yaradır ki, Azərbaycan bu ölkənin cənub bölgəsini-Zəngəzuru işğal edəcəyi təbliğatına geniş yer verir:

"Bu gün Ermənistanın Beynəlxalq Ədalət Məhkəməsində və digər beynəlxalq təşkilatlarda Azərbaycana qarşı işlər qaldırması, bu ölkənin nə qədər sülhdən kənar olduğunu göstərir.

Qeyd edim ki, İsrailin Qəzza zolağına qarşı hərbi əməliyyatlarına dəstək verən Qərb ölkələri Ermənistanın Azərbaycana qarşı hərbi təxribatlarına da dəstək verəcək. Ona görə də Fransadan Ermənistana göndərilən silahlar təlim poliqonlarında istifadə edilmək üçün deyil, Azərbaycana qarşı istifadə edilmək üçün verilir. Məhz Ermənistanın sülhdən boyun qaçırması və silahlanması lnda əsas məsuliyyəti Avropa İttifaqı daşıyır.

Avropa İttifaqı və ABŞ Cənubi Qafqazda qüvvələr balansını dəyişməsinə nail olmaq istəyir. Məhz Gürcüstanın da fərqli cəbhə seçərək, Azərbaycana qarşı silah tranzitinə çevrilməsi Qərbin regionda atdığı təhlükəli siyasətin tərkib hissəsidir. Azərbaycan Türkiyənin ölkəmizdə hərbi bazasının yaradılması istiqamətində addımlar atmalıdır. Çünki, Ermənistan və Fransa Cənubi Qafqazda Azərbaycana qarşı yeni oyun hazırlaqlarına başlayıb. Avropa İttifaqı Ermənistanda müşahidəçilərin sayının artırılması barədə qərar qəbul edəcək. Bu onu göstərir ki, Fransa və Avropa İttifaqı artıq Azərbaycan və Ermənistan arasında sülh danışıqlarında vasitəçi ola bilməzlər".