"Son 30 ildə Rusiyada orta aylıq əmək haqqı 5,3% artıb".
Azreform.info xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı Xalid Kərimli Müharibənin Tədqiqi İnstitutunun (İSW) yaydığı hesabatdan danışarkən deyib.
Xalid Kərimli bildirib ki, ekspert institutun Rusiya ilə bağlı verdiyi proqnozun heç biri doğru deyil:
"Məsələn, 2022-ci ildə Rusiya iqtisadiyyatında 8-10% geriləmə gözlənilirdi. Amma geriləmə 2%-dən bir qədər çox oldu. 2023-cü ildə də dedilər ki, böhran davam edəcək, Rusiya 2%-in üzərində iqtisadi artım əldə etdi. 2024-cü ildə isə 1,1% proqnoz qoymuşdular. Oktyabr ayında proqnoz yeniləndi - 3,8% iqtisadi artım proqnozlaşdırılıb. 9 ay ərzində 3%-in üzərində artım var".
Xalid Kərimlinin sözlərinə görə, əmtəə bazarında Rusiya üçün yaxşı qiymət formalaşıb:
"Əmtəə qiymətləri artdı. Rusiyanın satdığı buğda, neft, qazı, metal və meşə məhsullarının qiyməti yüksəldi. Bu baxımdan, deyə bilərik ki, onların verdiyi proqnozların heç bir əsası yoxdur".
Qeyd edək ki, Müharibənin Tədqiqi İnstitutu (İSW) Rusiya iqtisadiyyatı ilə bağlı hesabat yayıb. Hesabatda Kremlin son iqtisadi siyasəti Rusiya iqtisadiyyatının 2025-ci ildə ciddi problemlərlə üzləşməsi ehtimalının olduğunu açıqlayıb. Hesabatda qeyd edilib ki, Kreml Rusiya cəmiyyətini iqtisadi problemlərdən qoruyaraq, uzunmüddətli hərbi əməliyyatları illər və onilliklər boyu davam etdirə bilməyəcək.