"Bakı dünyanı narahat edən qlobal problemlərin həllinin müzakirə edildiyi bir dialoq mərkəzinə çevrilib. Bakı qlobal humanitar problemlərin, sivilizasiyalararası, multikultural və digər mühüm məsələlər davamlı olaraq müzakirə olunur. Bu gün isə Bakı dünyanı çox ciddi şəkildə narahat edən ekoloji problem olan qlobal iqlim dəyişkiliyinə həsr olunan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu (COP29) sessiyasına çox yüksək səviyyədə ev sahibliyi etməkdədir. COP29 kimi nüfuzlu konfransının məhz Azərbaycanda keçirilməsi ölkəmizə və onun liderinə göstərilən yüksək ehtiramın nəticəsidir. Əminəm ki, Azərbaycanın sədrliyi ilə keçirilən COP29 qarşısına qoyduğu bütün hədəflərə nail olacaq. Azərbaycan qlobal iqlim böhranının həllinə öz müsbət töhfəsini verəcək".
Bunu Azreform.info -a açıqlamasında deputat Kamran Bayramov deyib.
Deputat bildirib ki, bu gün qlobal iqlim dəyişikliyinə qarşı mübarizədə üzləşilən ən vacib məsələ problemin həlli ilə bağlı Paris Sazişini imzalayan ölkələrin üzərlərinə götürdükləri öhdəliklərdən boyun qaçırması və bu sahəyə lazımi həcmdə maliyyə vəsaitini ayırmamasıdır: "Azərbaycanın ev sahibliyi ilə keçirilən COP29-un əsas hədəfi isə qlobal iqlim dəyişikliyinə qarşı mübarizənin effektivliyini təmin etmək üçün maliyyə problemini həll edilməsi istiqamətində dünya ölkələri arasında konsesusu təmin etməkdir. Əminəm ki, COP29-un yekunu olaraq bu istiqamətdə ciddi nəticələr əldə olunacaq. Artıq COP29-un işə başladığı bir neçə gündə bu istiqamətdə konkret addımlar da atılıb. Bu istər Azərbaycanın qlobal iqlim dəyişkiliyinə qarşı mübarizə çərçivəsində yaşıl enerjiyə keçidlə bağlı üzərinə götürdüyü öhdəliklər, istər ölkəmizin gələcəkdə bir ötürücü qovşaq ölkə rolunda çıxış etməsi, istərsə də bu sahəyə investiyiya qoyuluşu baxımdan dünya ölkələri ilə bir sıra əhəmiyyətli sənədlər imzalanıb.
İnanıram ki, Şimalla Cənubun, Qərblə Şərqin qovşağında yerləşən Azərbaycan bu imkandan fadalanaraq Qlobal Şimalla Qlobal Cənub arasında çoxtərəfli əməkdaşlıq formatı yaratmaqla uğurlu əlaqələndirici rolunda çıxış edə biləcək. Əminliklə qeyd edə bilərəm ki, Azərbaycan nəinki uğurlu bir əməkdaşlıq formatı yaradacaq, eyni zamanda bu sahədə Avrasiya coğrafiyasında ciddi aktor rolunu oynayacaq. Dünya ölkələri Azərbaycanın belə bir missiyanı yerinə yetircəyinə inanırlar və ona görə də ölkəmizlə sıx əməkdaşlıqda maraqlıdır.
Təbii ki, bu da düşmənlərimizi, anti-Azərbaycan qüvvələri ciddi narahat etməkdədir. Onlar Azərbaycanın uğuruna qısqanclıqla yanaşmaqdadırlar. Bu səbəbdən də ölkəmizi hədəf seçib qarayaxma kampaniyasını həyata keçirməklə COP29-u boykot taktikası yolunu seçiblər. Bu işdə başda Fransa, Niderland olmaqla bəzi Avropa ölkələri fəallıq nümayiş etdiməkdədir. Bu bir daha onu sübut edir ki, qlobal iqlim böhranının yaranmasının əsas səbəbkarları elə həmin ölkələrdir. Bu problemi yaradanlar da, problemin həllinə mane olub, riyakarlıq nümayiş etdirməkdədirlər. Əgər doğrudan da həmin ölkələr qlobal iqlim böhranına töhfə vermək niyyətində olsaydılar COP29-u boykot yox, təşviq yolunu seçərdilər. Axı belə bir qlobal problemin həllinə milyonlar və yaxud milyard dollar deyil, artıq trilyonlarla dollar vəsaitin cəlb edilməsi lazımdır. Həmin ölkələr böhranın həlli istiqamətində irəli sürülən təşəbbüsləri, layihələri gözdən salmaq və boykot taktikasını seçməsi qlobal iqlim böhranının daha da dərinləşməsinə xidmət edir. Nəticədə dünya qlobal iqlim böhranını yaradanların riyakarlığından əziyyət çəkməkdədir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin tədbirdə bəyan etdiyi kimi, onların bütün bu cəhdləri boşa çıxdı. Bu cür ucuz metodlarla belə bir mötəbər tədbirə kölgə sala bilmədilər və bacarmayacaqlar da... Bu ölkələrdən fərqli olaraq Azərbaycan dünyamızı narahat edən taleyüklü məsələlərin həllinə real addımları ilə töhfə verməkdədir və verəcək də.
Azərbaycan Çindən Avropaya uzanan Orta Dəhlizi yaşıl dəhlizə çevriməyi bacaraqcaq".
Mürtəza
Azreform.info