Məşhur hakim Kollina dünya futbolunun rəhbərlərinə yalvardı

22
Dek
2023
21:42

FIFA Hakimlər Komitəsinin sədri Pyerluici Kollina futbolda hakimlərə hücum etməyin təkcə Türkiyənin problemi olmadığını bildirib və səlahiyyətlilərdən gec olmadan ölçü götürməyi xahiş edib.

“Bu hadisə (Türkiyədə hakimə hücum hadisəsi) mətbuatda yayılıb, lakin həvəskar liqalarında, kütləvi futbolda hakimlərlə bağlı medianın diqqətini cəlb etməyən çoxlu hadisə var. Bu hakimlərin əksəriyyəti gənclərdən ibarətdir. Onların çoxu sözlü, hətta fiziki hücumlara məruz qalır, özü də onları təhqir edənlər elə çox vaxt oynayan oğlan və qızların valideynləri olur. Bu qəbuledilməzdir. Bu, futbolu öldürə biləcək xərçəngdir. Dünyanın hər yerindən futbol liderlərinə yalvarıram ki, çox gec olmadan nəsə etsinlər. Artıq kifayətdir”, - deyə dünya futbolunun unudulmaz hakimlərindən Kollina vurğulayıb.

Xatırladaq ki, Türkiyənin “Ankaragücü” futbol klubunun prezidenti Faruk Koca ölkə çempionatında “Rizəspor”la oyundan sonra meydana qaçaraq hakim Halil Umut Meleri döyərək xəstəxanalıq edib. Səbəb 1:1 hesabı ilə başa çatan “Ankaragücü” - “Rizespor” oyununda hakimin “Ankaragücü”nün futbolçusu Ali Sounun qolunu saymaması və ikinci hissədə onu meydandan qovması olub.

Daha sonra F.Koca baş hakim Halil Umut Melerdən, onun ailəsindən, idman ictimaiyyətindən və xalqdan üzr istəyib, həmçinin istefa verdiyini açıqlayıb.