Gürcüstan prezidenti prokurorluğa dindirilməyə çağırılıb

30
Okt
2024
16:07

Gürcüstan prokurorluğu prezident Salome Zurabişvilini parlament seçkilərində qanun pozuntuları ilə bağlı səsləndirdiyi iddialarla əlaqədar olaraq ifadə almaq üçün prokurorluğa çağırıb. Zurabişvilinin  oktyabrın 31-də  dindiriləcək.

Azreform.info xəbər verir ki, bu barədə prokurorluğun məlumatında deyilir.

Prokurorluq hesab edir ki, dövlət başçısının əlində qanun pozuntularına dair sübutlar ola bilər. Prokurorluq seçki saxtakarlığı ilə bağlı araşdırmaya başlayıb.

İstintaqın başlanmasına əsas hakim “Gürcü arzusu”nu seçkilərin qalibi kimi tanıyan Mərkəzi Seçki Komissiyasının müraciəti olub. 

Prokurorluq prezidentin, partiyaların və müşahidəçilərin səsləndirdiyi bütün faktları öyrənəcəyini və saxtakarlıqlar barədə məlumatı olan hər kəsi dindirəcəyini vəd edib.

Prokurorluq onu da qeyd edib ki, seçki yarışı zamanı və səsvermə günü fərdi qayda pozuntularına görə bir neçə cinayət işi üzrə istintaq aparılır.

Oktyabrın 26-da Gürcüstanda parlament seçkiləri keçirilib. Mərkəzi Seçki Komissiyasının məlumatına görə, hakim “Gürcü arzusu” partiyası 54% səslə qalib gəlib. Müxalifət və prezident Salome Zurabişvili seçkinin nəticələrini tanımaqdan imtina edib və etiraz aksiyaları təşkil edib.

Mürtəza
Azreform.info