Gürcüstanda vətəndaş savaşı başlaya bilər (ŞƏRH)

15
Okt
2024
00:07

"Seçkilərdən sonra Gürcüstan vətəndaş müharibəsinə sürüklənə bilər. Təəssüf ki, bu ölkədə vətəndaş müharibəsinin alovlanması üçün münbit şərait var". 

Azreform.info xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında ReAL-ın Siyasi Komitəsinin sədri Natiq Cəfərli Gürcüstanda oktyabrın 26-da olacaq parlament seçkilərindən sonra hadisələrin hansı ssenari üzrə cərəyan edəcəyini şərh edəkən deyib.

Natiq Cəfərli bildirib ki, bu seçkilərdən müxtəlif gözləntilər var:

"İki həftədən də az müddətdən sonra Gürcüstanda olacaq seçkilər bütün dünyanın, xüsusən də Avropanın maraqla izlədiyi bir seçkidir. Bu seçkilərdən müxtəlif gözləntilər var. Son sorğuların, hətta Qərb şirkətlərinin keçirdiyi sorğulara görə də hakimiyyətdə olan "Gürcü Arzusu" öndədir. Hakim partiya sorğularda 34-35 faiz səs toplayıb. "Gürcü Arzusu"nun qalib gəlmə və hökuməti formalaşdırmaq ehtimalı kifayət qədər yüksəkdir. Müxalifətin səslərinin sayı isə 20-21 faiz arasındadır. Amma buna baxmayaraq, seçkilərdən sonra tərəflərdən hər hansı biri seçkinin nəticələrini tanımadığını elan etsə, yaranmış vəziyyət vətəndaş müharibəsinə, qarşıdurmalara gətirib çıxara bilər". 


Ekspert hesab edir ki, Azərbaycan üçün əsas məsələ odur ki, dost və tərəfdaş Gürcüstanda sabitlik olsun, daxildə hər hansı bir çaxnaşmalar baş verməsin. Həmsöhbətimizə görə, seçkilərdən sonra "Gürcü Arzusu" hakimiyyətini saxlayacaq, amma bu dəfə təkbaşına deyil, koalisiyaya getməyə məcbur olacaq:

"Gürcüstanda Konstitusiya dəyişikliyindən sonra ilk dəfədir ki, tam proporsional parlament seçkiləri keçirilir və baraj məhdudiyyəti yoxdur.  Məhdudiyyət olmadığından 1 faiz səs toplayan partiyalar belə parlamentə düşə bilər. Gürcüstanda isə hakim partiyanın mövqeyinə yaxın olan çoxsaylı partiyalar var. Burada söhbət mühafizəkar və milli dəyərlərə önəm verən partiyalardan gedir. Onlar parlamentə düşə bilsə, "Gürcü Arzusu" təkbaşına hökumət formalaşdıra bilməsə də, müəyyən partiyalarla koalisiyada yenidən hakimiyyətdə qala bilərlər".

Qeyd edək ki, Gürcüstanda seçki günü yaxınlaşdıqca, gərginlik də artır. 26 oktyabr seçkiləri bu ölkə tarixində ən kritik seçkilər hesab edilir. Hakimiyyət uğrunda mübarizənin kəskin keçəcəyi hiss olunur. Çünki ölkədə Rusiyapərəst və qərbpərəstlərlə mübarizə gedir. Bu mənada da seçkilərdən sonra prosesin hansı ssenari üzrə gedəcəyi məsələsi də diqqət mərkəzindədir. Əksər ekspertlər kəskin qarşıdurmaların olacağını da istisna etmirlər.