Zəngəzur 1918-1920-ci illərdə

21
Dek
2023
14:36

 

1918-1920-ci illərdə Zəngəzurda və ona yaxın ərazilərdə - Qarabağ, Naxçıvan və Ordubad bölgələrində cərəyan etmiş hadisələr Azərbaycanın gələcək taleyinə təsiri baxımdan diqqəti daha çox cəlb edir. Həmin dövrdə dünyada baş verən proseslərdən yararlanmağa çalışan Ermənistanın millətçi-şovinist dairələri Azərbaycanın bu ərazilərini ələ keçirmək üçün ciddi cəhdlər göstərmişdilər. Geosiyasi baxımdan xüsusi önəm kəsb edən Zəngəzurun türk-müsəlman əhalisindən tamamilə təmizlənməsi yolu ilə ələ keçirilməsi erməni strategiyasının əsas hədəflərindən birini təşkil edirdi. Zəngəzuru ələ keçirməklə ermənilər həm Azərbaycanın bütövlüyünü sarsıtmaq, türk xalqları arasında quru əlaqələrini həmişəlik qırmaq məqsədi güdürdülər. Ararat Respublikası Zəngəzurda etnik vəziyyəti və hərbi şəraiti öz xeyrinə dəyişmək və bölgəni işğal etmək üçün bütün imkanlarını səfərbər etmiş və çox təəssüf ki, buna da nail olmuşdu. Əslində bu gün Azərbaycan xalqının üzləşdiyi problemlərin, o cümlədən torpaqlarımızın 30 il ərzində erməni işğalı altında qalmasının əsas səbəblərindən biri də 1918-1920-ci illərdə Zəngəzuru qoruya bilməməyimizlə bağlıdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tarixi, əzəli Azərbaycan torpağı olan Zəngəzurun Ermənistana verilməsini Azərbaycanın və bütün türk dünyasının coğrafi baxımdan iki yerə bölünməsi aktı kimi qiymətləndirərək, bunu “sağalmayan yara” adlandırmışdı. Eyni zamanda o əminliyini bildirmişdi ki. vaxt gələcək və biz azərbaycanlılar bütün tarixi torpaqlarımıza qayıdacağıq. 

Faktlar göstərir ki, çarizmin erməniləri kütləvi şəkildə Azərbaycan ərazilərində yerləşdirmək siyasətinə baxmayaraq Zəngəzur bölgəsində erməni əhalisinin mütləq üstünlüyünə nail olmaq mümkün olmamışdı. 1917-ci il Qafqaz təqviminə görə qəzada 224197 nəfər əhali yaşayırdı ki, onların 99.931 nəfəri erməni (bütün əhalinin 44, 5%), 123118 müsəlman (bütün əhalinin 54, 9 %). Erməni müəllifi B.İşxanyan bu illərdə qəzanın əhalisinin 59,98%-nin müsəlmanlardan ibarət olduğunu təsdiqləyir. A.Şepotyev Qarabağın erməni əhalisinin ümumi sayının 170 min, türk əhalisinin isə 415 min olduğunu qeyd edir. Zəngəzur qəzasında olan 406 kəndin 314-də azərbaycanlılar, cəmi 92-də ermənilər yaşayırdı. Qəzada toponimlərin, o cümlədən kənd adlarının mütləq əksəriyyəti türk mənşəli idi.

Birinci Dünya müharibəsinin sonlarına yaxın, 1917-ci ildə Rusiyada baş vermiş hadisələr nəticəsində Cənubi Qafqazda yaranmış şəraiti özlərinə fürsət bilən erməni şovinist-millətçi dairələri Azərbaycanın bir çox bölgələri kimi Zəngəzurda da yenidən türk-müsəlman əhaliyə qarşı kütləvi zorakılıqlara başlayaraq bölgənin etnik vəziyyətini öz xeyirlərinə dəyişmək və Ermənistanın tərkibinə qatmaq planlarını həyata keçirməyə başladılar. 1917-1921-ci illər ərzində ermənilərin həyata keçirdiyi soyqırımı və deportasiya siyasəti nəticəsində Zəngəzurda on minlərlə müsəlman həlak olmuş, öz doğma yurdlarından didərgin düşmüşdülər. Erməni təcavüzkarlarına qarşı azərbaycanlılar mümkün qədər müqavimət göstərmiş, düşmənə ciddi zərbələr vurmuşlar. Lakin bir sıra faktorların təsiri altında bölgənin ermənilərin nəzarəti altına keçməsinin qarşısını almaq mümkün olmadı.

1918-ci ilin yayında Andranikin qoşunlarının bölgəyə müdaxiləsi ilə Zəngəzurda türk-müsəlman əhalinin soyqırımı daha da genişlənmiş, qəzanın qərb hissəsindən (Sisian, Gorus, Qafan) azərbaycanlılar tamamilə qovulub çıxarılmışdılar. Zəngəzurda həyata keçirilmiş soyqırımı və deportasiya nəticəsində minlərlə müsəlman öldürülmüş və əsir götürülmüş, sağ qalan əhali Azərbaycanın digər bölgələrinə qaçmağa məcbur olmuşdu.

1918-ci ilin mayında əzəli Azərbaycan torpağında – İrəvan bölgəsində Ermənistan dövləti yarandıqdan sonra bu dövlət Azərbaycanın digər əraziləri kimi Zəngəzura hərbi təcavüz edərək bu bölgənin yerli əhalisi olan Azərbaycan türklərinə qarşı əsil soyqırımı həyata keçirməyə başladı. Zəngəzurda 1918-ci ildə türk-müsəlman əhalisinə qarşı soyqırımı quldur Andranikn bölgəyə gəlməsi ilə pik nöqtəyə çatdı. 1918-ci il avqustunda Andranikin Zəngəzura gəlməsi ilə Zəngəzurun qərb sahələri (Gorus, Sisian, Qafan və Mehri) işğal altına düşmüş, əhalisi öldürülmüş və ya deportasiya edilmişdi. Andranikin və digər quldur dəstələrinin vəhşilikləri nəticəsində 115 kənd dağıdılmış, 10068 nəfər müsəlman öldürülmüş və ya yaralanmışdı ki, onların 7729-u (3257 kişi, 2276 qadın, 2196 uşaq) öldürülmüş, 2339 nəfərinə isə (müvafiq olaraq 1060, 794 və 485) xətər yetirilmişdi. 50000 nəfərdən artıq müsəlman öz yurd-yuvalarından qaçqın düşmüşdü. 1918-ci ildə Zəngəzur qəzasında erməni quldur dəstələri tərəfindən azərbaycanlılara qarşı törədilmiş vəhşiliklər haqqında Azərbaycan Cümhuriyyətinin Fövqəladə Təhqiqat Komissiyasının sənədlərində tükürpərdici faktlar toplanmışdır.

Birinci Dünya müharibəsinin nəticəsində Türk qoşunlarının Azərbaycanı tərk etməsi ilə Zəngəzurda və Qarabağda azərbaycanlılara qarşı erməni vəhşiliklərin yeni, daha faciəvi fazası başlandı. 1918-ci ilin sonu – 1919-cu ilin əvvəllərində ermənilər 50-dən çox müsəlman kəndinin sakinini qırmış, hətta müqəddəs ocaqları viran etmişdilər. 

Azərbaycan hökumətinin Qarabağ və Zəngəzur qəzalarında vəziyyəti dinc yolla nizamlamaq cəhdlərinə Ermənistan hökuməti bu bölgələrə əlavə hərbi hissələr göndərərək azərbaycanlılara qarşı zorakılıqları genişləndirməklə cavab verirdi. Ermənistan hökuməti Zəngəzurda hərbi iştirakını möhkəmləndirmək üçün bir sıra hərbi-siyasi xarakterli tədbirlər həyata keçirməklə bu bölgəni faktik olaraq ilhaq etmək məqsədi güdürdü. Ermənistan hökuməti Zəngəzurda hərbi iştirakını möhkəmləndirmək üçün bir sıra hərbi-siyasi xarakterli tədbirlər həyata keçirməklə bu bölgəni faktik olaraq ilhaq etmək məqsədi güdürdü. 1919-cu il ərzində qəzanın I, II və V sahələrində (Sisian, Gorus, Qafan rayonlarında), xüsusən Oxçu dərəsində yerləşən Azərbaycan kəndləri mütəmadi olaraq ermənilərin hücumlarına məruz qalırdılar. Zəngəzurda ermənilərin azğınlaşmasının əsas səbəblərindən biri də o zaman bölgədə əsas söz sahibi olan ingilislərin ikibaşlı siyasəti idi. 1919-cu ilin yayında Azərbaycan ordusunun həyata keçirdiyi əməliyyatlar nəticəsində Zəngəzurun şərq hissəsi (Qubadlı və Zəngilan rayonları) Azərbaycan ordusunun nəzarətinə keçsə də, qəzanı erməni hərbi dəstələrindən təmizləmək mümkün olmadı. Ermənistan hökuməti «erməni məsələsinin” beynəlxalq gündəlikdə olmasından istifadə edərək 1919-cu ilin sentyabr ayından etibarən Zəngəzur bölgəsini ələ keçirmək üçün oraya nizami qoşun hissələrini, hərbi texnika və silah-sursat göndərilməsini sürətləndirdi. Ermənistan hökumətinin qərarı ilə Dro Zəngəzur rayonundakı qüvvələrin komandiri təyin edildi. Ermənistan hökuməti 1919-cu ilin sentyabrında azərbaycanlılara qarşı öz vəhşilikləri ilə ad çıxarmış Qaregin Njdeni Zəngəzura göndərərək onu əvvəlcə Qafan, Mehri və Ordubad rayonlarının ümumi cəbhəsinin komandiri, oktyabr ayında isə “Sunikin cənub-şərq cəbhəsinin komandanı”, Paqos Ter-Davtyanı isə “Şimal rayonunun” - “Sisiyan-Gorus cəbhəsinin” komandanı təyin etdi. Bu quldurların bölgəyə gəlişi ilə Zəngəzurda azərbaycanlıların soyqırımının növbəti mərhələsi başlandı. Mövcud məlumatlara görə 1919-cu ilin oktyabr ayının əvvəllərində Zəngəzurun 110 böyük kəndi məhv edilmişdi. Bu kəndlərin əhalisi ya qırılmış, ya da qaçqın düşmüşdü. Qaçqınların sayının 60 minə çatdığı bildirilirdi. Qalan əhalinin əksəriyyəti daim məhv olmaq təhlükəsi altında, aclıq və səfalət içərisində yaşayırdı. Ermənilər ən ağır silahlardan istifadə edərək 1919-cu ilin sonu – 1920-ci ilin əvvəllərində Zəngəzuru demək olar ki, bütün müsəlmanlardan təmizləməyə nail oldular. Erməni müəlliflər Njdenin “qəhrəmanlığından” bəhs edərkən yazırlar ki, 1919-cu ilin noyabrın 15-də Njdenin dəstələri Oxçu dərəsinin türk kəndlərini ələ keçirmiş, bir qədər sonra – dekabrın 1-8 arası Gığı dərəsində 33 kəndi dağıtmış və nəticədə Gorus – Qafan yolu ermənilərin nəzarətinə keçmişdi. Zəngəzuru ələ keçirdikdən sonra ermənilərin əsas məqsədi Qarabağ üsyançı erməni dəstələri ilə birləşmək, sonra isə Naxçıvanı və Ordubadı zəbt etməkdən ibarət idi.

19 yanvar 1920-ci il Zəngəzur azərbaycanlılarının tarixinin qanlı səhifələrindən biri oldu. Həmin gün qəzanın müxtəlif yerlərində ermənilərin müsəlman kəndlərinə əvvəlcədən hazırlanmış hücumu nəticəsində 15 müsəlman kəndi yerlə yeksan edilmiş, Əliquluuşağı, Eyvazlı, Şurnuxa, Seltas, Məzrə, Şahverdilər, Novlu, Tarovlu, Əyin kəndləri daha çox dağıntılara məruz qalmışdı. Yanvarın sonlarında ermənilər bütün cəbhə boyu hücuma keçərək Şərqi Zəngəzurun əksər kəndlərini ələ keçirmişdilər. Təkcə 1920-ci ilin 19-26 yanvarında ermənilər burada 51 kəndi yandırımış və dağıtmışdılar. Yalnız Azərbaycan ordusunun gördüyü əks-tədbirlər sayəsində erməniləri geri otuzdurmaq mümkün olmuşdu. 

1920-ci ilin mart ayında – Novruz bayramı günlərində ermənilər başqa bölgələrimizdə olduğu kimi Zəngəzurda geniş miqyaslı hərbi əməliyyatlara başladılar. Bu dəfə onların planlarında Şərqi Zəngəzurla yanaşı Cəbrayıl qəzasını da işğal etmək idi. Lakin Azərbaycan ordusunun səyləri nəticəsində ermənilərin planları baş tutmadı.

 İyulun sonlarında XI Qırmızı Ordu hissələri tərəfindən Zəngəzur ələ keçirildikdən sonra vəziyyət bir müddət sabitləşsə də bolşevik qoşun hissələrin Naxçıvana hərəkət etməsindən istifadə edən Dro və Njdenin dəstələri yenidən Zəngəzura soxuldular. Bütün bunlar Zəngəzur müsəlmanlarının vəziyyətinin yenidən pisləşməsinə, yeni qaçqınlar dəstəsinin yaranmasına gətirib çıxardı.

1917-1920-ci illərdə Zəngəzur bölgəsində mürəkkəb vəziyyət mövcud olmuş, həmin illərdə dünyada və regionda cərəyan edən geosiyasi proseslər bölgənin gələcək taleyinə əhəmiyyətli dərəcədə təsir göstərmişdir. Məhz bu hadisə və proseslərin nəticəsində Ermənistan Zəngəzurda öz hərbi iştirakını gücləndirərək qəzanın 4505,5 км təşkil edən qərb hissəsini (Sisian,Gorus, Qafan və Mehri rayonlarını) işğal etmiş və sonrakı illərdə bu rayonları öz ərazisinə qata bilmişdir. 

Ermənistanın sovetləşməsindən sonra bolşevik Rusiyasının təzyiqi altında Zəngəzurun Ermənistana verilməsi istiqamətində atılmış addımlar 4505-kv.km bu ərazinin həmişəlik itirilməsi ilə nəticələndi. Qəzanın sovetləşməsi və Ermənistanın tərkibinə daxil edilməsi burada yaşayan azərbaycanlı əhaliyə qarşı ayrı-seçkilik siyasətinin yeri formada və məzmunda davam etməsinə şərait yaratdı. Zəngəzurda yerli azərbaycanlıların zorla öz yurdlarından qovulması və onların yerinə gəlmə ermənilərin yerləşdirilməsi ilə bağlı narahatlıq hətta II Azərbaycan Sovetlər qurultayında belə ifadə olunmuşdu. Vaxtilə Zəngəzurdan qovulmuş 60 mindən çox azərbaycanlı qaçqının yalnız 5 min öz vətəninə dönməyə  nail olmuşdu. 1917-ci ildə Zəngəzur qəzasında 123085 nəfər təşkil edən azərbaycanlıların 1926-cı il siyahıyaalınma göstəricilərinə görə sayı heç 5 minə belə çatmamışdı. Erməni millətçilərinin 1988-ci ildə başladıqları «Qarabağ» fitnəkarlığı həm də Ermənistan SSR-də yaşayan azərbaycanlıların öldürülməsi və kütləvi deportasiyası ilə müşayiət olundu. Ermənistan SSR-dən ilk qaçqın dalğası 1987-ci il fevral ayının sonu-martın əvvəllərində məhz Zəngəzurdan başladı. Həmin il ərzində Zəngəzurun demək olar ki, bütün azərbaycanlı əhalisi öz doğma yurdlarından deportasiya olundu. 1991-ci ilin avqustunda Zəngəzurun azərbaycanlılar yaşayan sonuncu kəndinin - Mehri rayonunun Nüvədi kəndin əhalisinin qovulması ilə Zəngəzur bölgəsinin «türksüzləşdirilməsi» prosesi başa çatdırıldı.

 

Kamran İsmayılov,

“Savalan” Tarixi Araşdırmalar İctimai Birliyinin sədri, AMEA Tarix İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent