"Heç kim üçün sirr deyil ki, Azərbaycanın 44 günlük Vətən Müharibəsində tarixi Zəfər qazanması, ərazi bütövlüyünü bərpa etməsi, bütün ərazisində suverenliyinin tam təmin etməsi və regionda yeni reallıqlar yaratması bəzi ölkələri və dairələri ciddi narahat edir, onlar bu vəziyyətlə barışa bilmirilər, müxtəlif təxribatlara əl atırlar. Və bu təxribatlar artıq hibrid xarakteri alır".
Azreform.info xəbər verir ki, bunu deputat Kamran Bayramov deyib.
Onun sözlərinə görə, Cənubi Qafqazda qüvvələr nisbətini dəyişdirmək, regionda sülh gündəliyini pozmaq, Azərbaycanın dünyada nüfuzunu sarsıtmaq məqsədilə həmin ölkələr və dairələr dövlətimizə qarşı qərəzli qarayaxma kampaniyaları təşkil edirlər, beynəlxalq təşkilatlarda və öz parlamentlərində ölkəmizlə bağlı dinləmələr keçirirlər, yalan, qərəz və təhrif dolu qətnamələr qəbul etdirirlər, təxribatçı və absurd bəyanatlar səsləndirirlər. "Eyni zamanda, insan hüquqları, demokratiya və liberal dəyərlər adı ilə ölkəmizə təsir göstərərək Azərbaycanın dövlət kimi real obrazını mənfiyə dəyişməyə can atırlar", - o qeyd edib.
Deputat əlavə edib ki, elə bu gün də həmin qüvvələr üzərində işğalçı damğası əbədi həkk olunmuş Ermənistanı kənardan silahlandırır, maliyyələşdirir və onun cəmiyyətində utopik revanş meyillərini təşviq edirlər:
"Bununla kifayətlənməyərək, həmin qüvvələr ölkəmizin daxilində də ideoloji təxribatlar törətməyə, siyasi, diplomatik, hüquqi, ideoloji, iqtisadi və kiber təsirlər həyata keçirməyə, xalqımızın, cəmiyyətimizin hakimiyyətə olan geniş etimadını və etibarını pozmağa, daxili vəziyyəti süni şəkildə sabitsizləşdirməyə cəhd göstərirlər, Azərbaycanın qüdrətli dövlət və güclü cəmiyyət quruculuğunu, müstəqil siyasət kursunu sarsıtmağa çalışırlar.
Bütün bu cəhdlərin uğursuz olduğuna, onların dövlətimizə və cəmiyyətimizə təsirlərinin sıfıra bərabər olduğuna baxmayaraq, biz hər zaman istənilən müdaxiləyə, təxribata, təhdidə hazır olmalıyıq.
Möhtərəm cənab Prezident də elə bu salonda, VII çağırış Milli Məclisin ilk iclasında məhz bu məsələyə xüsusi diqqət yetirməklə ideoloji təxribatların olduğunu qeyd etdi, buna hazır olmağımızı, bizə qarşı olan təhdidləri və oyunları ifşa etməli olduğumuzu bildirdi, həm də Milli Məclisin ideoloji təhlükəsizlik məsələsinə daim diqqət yetirməli olduğunu vurğuladı.
Ona görə də düşünürəm ki, Milli Məclisdə müvafiq komissiyanın yaradılması da ölkəmizdə ideoloji təhlükəsizliyin təmin edilməsi, xaricdən olan təsirlərlə mübarizənin gücləndirillməsi istiqamətində vaxtından atılan və səmərəli bir addımdır".
Mürtəza
Azreform.info