HƏMAS bitdi, hədəfdə "Hizbullah"dır, növbədə isə...

24
Sen
2024
14:35

İsrail-HƏMAS hərbi qarşıdurması artıq bir ilə yaxın vaxtdır davam edir. HƏMAS 7 oktyabr 2023-cü ildə İsrailə qarşı yanlış taktika seçib hücum etməsinin çox ağır bədəlini ödəməkdədir. Ötən müddət ərzində İsrail ordusu HƏMAS-ın Qəzza zolağındakı bütün hərbi qruplaşmalarını demək olar ki, tamamilə sıradan çıxarmağı bacardı. Hazırda İsrail ordusu Qəzza bölgəsində hərbi əməliyyat şəraitinə tam nəzarət etməkdədir. 

HƏMAS döyüşçüləri sadəcə yüngül silahlarla İsrail ordusuna müqavimət göstərməkdədir. 

Qəzzada nəzarəti ələ keçirən İsrail özünə təhlükə hesab etdiyi "Hizbullah"ı sıradan çıxarmağı qarşıya hədəf qoyub və artıq bu istiqamətdə əməliyyatlara başlayıb. Bu məqsədlə də İsrail tərəfi son günlərdə Livanın cənubunda "Hizbullah"a qarşı hücum əmliyyatlarını intensivləşdirib. 

Onu da qeyd etmək lazımdır ki, İsrail-"Hizbullah" qarşıdurması HƏMAS-la qarşıdurmadan fərqli yanaşma tələb edir.
 
Birincisi, yerləşmə coğrafiyasına görə... Çünki Qəzza anklav bölgə idi və HƏMAS-ın döyüşçü qüvvəsi "Hizbullah" döyüşçülərindən çox az idi. 

İkincisi, Qəzza Fələstin torpağı olduğundan İsrail beynəlxalq hüququ əsas gətirərək HƏMAS-ı öz təhlükəsizliyinə təhdid bildiyini üçün həmin ərazidə hərbi əməliyyatlar həyata keçirdi. 

İsrailin Livan ərazisinə girərək "Hizbullah"a qarşı açıq hərbi əməliyyatlar keçirməsinə mane olan bir sıra amillər mövcuddur.

Birincisi, "Hizbullah"-İsrail qarşıdurması İsrail-Livan qarşıdurması səviyyəsində xarakterizə edilmir.  "Hizbullah" Livan ordusunun tərkib hissəsi hesab edilsə də, rəsmi Beyrut tərəfindən tam dəstəklənmir.

İkincisi, "Hizbullah"ın hərbi gücü, həm silah-sursat, həm də döyüşçü sayı baxımdan HƏMAS-dan qat-qat çoxdur. "Hizbullah" döyüşçülərinin sayı 40 mindən 120 minədək olduğu bildirilir. Bunların 20-40 mini aktiv döyüşçüdür.

Burada digər məqamlardan biri də ondan ibarətdir ki, "Hizbullah"ın yarandığı 1982-ci ildən etibarən istər ABŞ, istər Suriya ordusunun ölkədən çıxarılmasında rolu olan hərbi qüvvədir. 

Üçüncüsü, 2006-cı ildə İsrail-"Hizbullah" hərbi qarşıdurmasında uduzan tərəf İsrail ordusu olub.

Dördüncüsü, İsrail Livan ərazisinə girərərək hərbi əməliyyatlar keçirməsinin beynəlxalq aləmdə ciddi əks reaksiya olacağından ehtiyatlanır. İsrail Qəzzada beynəlxalq aləmin əks reaksiya ilə üzləşsə də, bu elə də ciddi olmadı. Amma Livana hücum tam fərqli situasiya yarada bilər.  

Bütün bu və digər amillər İsrail ordusunu "Hizbullah"la hələlik açıq qarşıdurmaya getmədən  fərqli taktikalara əl atmaqla qarşısına qoyduğu planını reallaşdırmaqdadır. 

Birincisi, İsrail haker hücumunu həyata keçirməklə "Hizbullah" döyüşçüləri və onları dəstəkləyən digər qüvvələr arasında rabitəni və koordinasiyanı qırmağa çalışır. Artıq bu taktika öz müsbət nəticəsini verib. Hətta "Hizbullah"ı ən ciddi və güclü dəstəkçisi hesab edilən SEPAH belə, radio rabitə qurğularından istifadədən imtina edib. Bu da "Hizbullah" qüvvələrinin İsrail ordusuna qarşı çevik tədirlər görməsində ciddi çətinliklər yaradır. Hərbi əməliyyatlar zamanı rabitənin və koordinasiyanın olmaması isə məğlubiyyət deməkdir.

İkincisi, İranı zərərsizləşdirmək və beynəlxalq aləmin nəbzini yoxlamaq. Artıq İsrail "Hizbullah" üzvlərinə qarşı peycer və radio rabitə qurğularından həyata keçirilən kiber hücumda iranlı diplomatın da yaralananlar arasında olması ilə Tehranın nəbzini yoxlamaqla istədiyi nəticəni əldə etdi.

Beynəlxalq aləm də Qəzzada olduğu kimi, "Hizbullah"a qarşı hücumlar zamanı İsrailə qarşı kəskin etiraz və təzyiq göstərmədi. Beynəlxalq münasibətlər ancaq bəyanatlar səviyyəsində oldu və bununla da işlərini bitmiş hesab etdilər. 

Bununla da İsrail nə Tehranın, nə də digər qüvvələrin "Hizbullah"a İsrailə qarşı ciddi müqavimət göstərməsinə cidd dəstək verə bilmək gücündə olmadığını özü üçün müəyyən etdi.

Odur ki, İsrail ordusu son bir neçə gündə Qəzzada olduğu kimi, "Hizbullah"çıların məskunlaşdığı kənd və qəsəbələrdəki qərargahı, silah-sursat anbarı hesab etdiyi təyinatından asılı olmayaraq bütün obyektlərə hava zərbələri endirməkdədir. Bura mülki şəxslərin yaşadıqları evlər və binalar da daxildir. Hətta İsrail ordusunun sözçüsü Aviçay Adrae Livan vətəndaşlarına müraciət edərək "Hizbullah"çıların olduğu yerlərdən uzaq durmağa və evləri tərk etmək barədə çağırış edib.

İsrail ordusu bu yolla "Hizbullah"ın həm canlı qüvvəsini, həm  hərbi infrastrukturunu, həm də silah-sursatını sıradan çıxarıb tükəndirmək  taktikasını seçib.

Növbəti hədəf "Hizbullah"ı açıq qarşıdurmaya cəlb etməklə İsrail ordusunun Livana girməsinə şərait yaratmaq və bununla da həmin ərzidə hərbi əməliyyat şəraitinə tam nəzarəti ələ keçirməkdir. Proseslər buna doğru gedir. İsrail qarşıdakı bir neçə ay ərzində bu planını reallaşdırmaq istəyir. 

Növbəti mərhələdə hədəf çox güman Yəməndəki Husilər olacaq. 

Mürtəza
Azreform.info