Azərbaycan növbəti böyük uğura imza atdı. Bir neçə gün bundan əvvəl COP29 beynəlxalq konfransın Azərbaycanda, Bakıda keçirilməsinə dair qərar qəbul olunub. Sözügedən nüfuzlu, qlobal xarakterli tədbirin məhz Bakıda keçirilməsinə dair qərarı bütün dünya ölkələri bir neçə gün bundan əvvəl qəbul etmişdir və beləliklə, Azərbaycana növbəti dəfə böyük etimad və böyük hörmət göstərilmişdir.
COP 1995-ci ilin mart ayında Almaniyanın Berlin şəhərində BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası üzərində Ali qərarların verilməsi üçün yaradılmış qurumdur. Konvensiyaya tərəfdaş olan, onu ratifikasiya edən 198 ölkə COP-da təmsil olunur. COP-un missiyası konvensiyadan irəli gələn tələblərin, tövsiyələrin icrasına nəzarət etməkdir. Bu tələblər əsasən qlobal istiləşmə tempini səngitmək, qlobal istiləşməyə məruz qalan ərazilərin adaptasiyasına dəstək olmaq və 2050-ci ilə qədər sıfır emissiyaya nail olmaqdır. Konvensiyanın ali məqsədi isə iqlim sisteminə insanlar tərəfindən edilən və təhlükəli hesab oluna bilən bütün müdaxilələrin qarşısını almaqdır.
Azərbaycan düzgün aparılan siyasət nəticəsində dünya miqyasında çox güclü mövqelərə sahibdir. Ölkəmizin beynəlxalq aləmdə olan hörmət günbəgün artır. Artan beynəlxalq hörməti öz əməlimizlə, işimizlə, siyasətimizlə qazanmışıq.
Antiterror tədbirlərdən sonra bəzi Qərb ölkələri Azərbaycana əsassız ittihamlar irəli sürmüşdür. Bizə qarşı irəli sürülmüş bu ittihamların heç bir əsası yoxdur. Çünki Azərbaycan öz suveren ərazisində separatçılığa qarşı, işğalçılara qarşı antiterror tədbirləri keçirərək beynəlxalq hüququn aliliyini özü bir daha təmin etmişdir və eyni zamanda, bütün humanitar normalara riayət edərək öz suverenliyini bərpa etmişdir.
Bəzi Qərb ölkələri arasında ənənəvi olaraq Fransa da Azərbaycanın Qələbəsi ilə barışmaq fikrində deyil. Baxmayaraq ki, artıq beynəlxalq birlik də görür ki, hətta Ermənistan bu vəziyyətlə barışıb və COP29 konfransının keçirilməsi bunu bir daha göstərir. Fransada bəzi siyasi liderlər ermənilərdən daha çox erməni olmağa çalışırlar.
Çox qürurverici haldır ki, bütün postsovet məkanında ilk dəfə olaraq Azərbaycan Respublikası bu mötəbər sessiyaya ev sahibliyi edəcək. Bu etimad Azərbaycanın bütün dünyada nüfuzunun getdikcə artması deməkdir.
Azərbaycan Prezidenti cənab İlham Əliyevin nüfuzu, uzaqgörən siyasəti və bacarığı sayəsində Azərbaycan bütün dünyada humanist, sülhsevər, beynəlxalq qanunlara riayət edən ölkə kimi tanındı.
Qeyd edək ki, Beynəlxalq birlik dünyanın bütün ölkələridir və bu ölkələr yekdilliklə Azərbaycana öz böyük dəstəyini göstərmişdir. Azərbaycan Qoşulmama Hərəkatına 4 il ərzində uğurla sədrlik edir və burada da bizim sədrliyimiz 120 ölkənin dəstəyi ilə mümkün olmuşdur, hətta sədrliyimiz bir il uzadılmışdır. Dünyanın 120 ölkəsi Azərbaycana öz dəstəyini ifadə etmişdir.
Bugün irimiqyaslı beynəlxalq tədbirlərin keçirilməsi üzərimizə böyük məsuliyyət qoyur. Ancaq biz bu günə qədər bir çox beynəlxalq tədbirlər keçirmişik. Hətta bu il Beynəlxalq Astronavtika Konqresini böyük müvəffəqiyyətlə keçirmişik. Bu mötəbər beynəlxalq tədbir ikinci dəfə Bakı şəhərində keçirilib. 50 il bundan əvvəl sovet Azərbaycanının paytaxtı olan Bakıda, bu il isə müstəqil Azərbaycanın paytaxtı olan Bakıda bu tədbir keçirilmişdir.
Dünyada ən mötəbər beynəlxalq tədbirlərdən biri məhz COP29-dur. Ölkələrin təmsilçiliyi nöqteyi-nəzərindən BMT Baş Assambleyasından geri qalmır. Tədbirin keçirilməsinə11 aydan az vaxt qalıdığını nzərər alaraq, bütün hazırlıq işlərinə start verməliyik.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bildirmişdir ki, “Mən şübhə etmirəm ki, COP29 beynəlxalq konfransını da biz yüksək səviyyədə keçirəcəyik, bu, ölkəmizin, xalqımızın növbəti böyük uğuru olacaq. Eyni zamanda, Azərbaycan neft-qaz ölkəsi kimi bu sahədə də özünü göstərəcəkdir və dünyada hər kəs bir daha görəcək ki, bizim gündəliyimiz yaşıl enerji ilə bağlıdır. Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli hazırda bizim enerji siyasətimizin prioritetidir. Bu, reallıqdır və bütün dünya bunu bir daha görəcək”.
Beləliklə COP29 beynəlxalq konfransı Azərbaycanın növbəti böyük uğuru olacaqdır.Eyni zamanda, Azərbaycan neft-qaz ölkəsi kimi bu sahədə də özünü göstərəcəkdir. Dünyada hər kəs bir daha görəcək ki, yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli hazırda Azərbaycan dövlətinin enerji siyasətinin prioritetidir.
Mehriban İsrafilova
Xətai rayon İcra Hakimiyyəti-baş məsləhətçi