"Zeyd” Döyüş Mərkəzi dövlətinə vətənpərvər idmançılar yetişdirəcək” - Foto

9
Sen
2024
13:42

 

Gündən-günə inkişaf edən Azərbaycan idmanına müasir dinamika və nəfəs gətirməyi hədəfləyən yeni mərkəz yaradılıb.

MMA idman döyüş növü sahəsində öz sözünü deməyə hazır olan “Zeyd” Döyüş Mərkəzinin (Zeyd Fight Center) rəhbərliyi ilə MMA “Pankration Grappling” Federasiyasının prezidenti Azad Əsgərov və federasiyanın vitse-prezidenti Hüseynəli Abbaslı arasında bu istiqamətdə aparılacaq fəaliyyətlə bağlı görüş keçirilib.

Bakı İdman Sarayında keçirilən görüşdə “Zeyd” Döyüş Mərkəzinin fəaliyyət istiqamətləri, Azərbaycanda MMA-nın kütləviliyinin artırılması, bu döyüş növü üzrə yerli və beynəlxalq yarışların keçirilməsi, habelə Azərbaycanı Dünya və Avrova çempionatlarında layiqincə təmsil edəcək idmançıların yetişdirilməsi və s. məsələlər müzakirə olunub.

Onu da qeyd edək ki, yeni təsis edilən “Zeyd” Döyüş Mərkəzinin vitse-prezidenti Yavər Hüseynovdur. Eyni zamanda Vüqar Hacıyev Mərkəzin baş katibi, Cavid Əliyev yerli əlaqələr üzrə müşaviri, Vüqar Kərimov isə beynəlxalq əlaqələr üzrə müşavir kimi “Zeyd” Döyüş Mərkəzinin rəhbərliyində təmsil olunurlar.

Mərkəzin prezidenti Vüqar Tağıyev mediaya verdiyi açıqlamada bildirib ki, “Zeyd” Döyüş Mərkəzinin (ZFC) idmançıları yaxın gələcəkdə Azərbaycan Respublikasını dünya arenasında layiqincə təmsil edəcəklər.

“Zeyd” Döyüş Mərkəzi dövlətinə, millətinə sadiq, vətənpərvər yeni nəsil idmançılar yetişdirməyi əsas prioritet hədəflərdən hesab edir”, - deyə Vüqar Tağıyev xüsusi olaraq vurğulayıb.