Paris Paralimpiadasının azərbaycanlı medalçılarına nə qədər mükafat veriləcək?

4
Sen
2024
18:42

Azərbaycan idmançılarının "Paris-2024” XVII Yay Paralimpiya Oyunlarında uğurlu çıxışları davam edir. Hazırda Azərbaycanın aktivində 3 qızıl, 1 gümüş və 1 bürünc medal var. "Paris-2024” Yay Paralimpiya Oyunları sentyabrın 8-də başa çatacaq.

Azərbaycan yarışda 7 növ üzrə 18 idmançı ilə təmsil olunur.

Maraqlıdır, bəs Paris Paralimpiadasında medal qazanan idmançılarımıza Azərbaycanda nə qədər pul mükafatı veriləcək?

Modern.az saytı mövzunu araşdırmağa çalışıb.

Olimpiya Oyunlarında medal qazanmış idmançıların mükafatlandırılması ölkə başçısının sərəncamı əsasında həyata keçirilir. Çox güman ki, "Paris-2024” XVII Yay Paralimpiya Oyunları başa çatandan və bütün idmançılar vətənə qayıdandan sonra ölkə Prezidentinin mükafatlandırma ilə bağlı müvafiq sərəncamı olacaq.

Xatırladaq ki, bundan əvvəlki XVI Yay Paralimpiya Oyunları 2021-ci il avqustun 25-dən sentyabrın 6-na qədər Yaponiyanın Tokio şəhərində keçirilmişdi.

Azərbaycan Milli Paralimpiya Komandası Tokiodakı yarışı 163 ölkə arasında 10-cu pillədə tamamlamışdı. İdmançılarımız 14 qızıl, 1 gümüş və 4 bürünc olmaqla ümümilikdə 19 medal qazanmışdılar ki, bu da Azərbaycan Paralimpiya tarixində rekord nəticədir.

Prezident İlham Əliyevin 6 sentyabr 2021-ci il tarixli sərəncamına əsasən, Tokio Paralimpiadasında ən yüksək nəticələr göstərmiş Azərbaycan Respublikasının əlilliyi olan idmançıları və onların məşqçiləri üçün aşağıdakı pul mükafatları ayrılmışdı:

- birinci yeri tutan hər bir idmançıya 200 000 (iki yüz min), onun məşqçisinə 100 000 (yüz min) manat;

- ikinci yeri tutan hər bir idmançıya 100 000 (yüz min), onun məşqçisinə 50 000 (əlli min) manat;

- üçüncü yeri tutan hər bir idmançıya 50 000 (əlli min), onun məşqçisinə 25 000 (iyirmi beş min) manat.

Eyni zamanda idmançılar və onların məşqçiləri "Şöhrət”, 1-ci dərəcəli "Vətənə xidmətə görə", 3-cü dərəcəli "Vətənə xidmətə görə", "Əmək” ordenləri və "Tərəqqi" medalı ilə təltif edilmişdilər. Bundan başqa, bəzi məşqçilər Azərbaycan Prezidentinin Fəxri Diplomu verilmişdi.

Ehtimal olunur ki, bu il də mükafatların məbləği dəyişməyəcək.