Türkiyənin fındıq paytaxtı - Giresun

19
Avq
2024
15:02

 

Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə Azərbaycandan bir qrup media mənsubu avqustun 14-17 tarixlərində Türkiyənin Giresun və Ordu şəhərlərinə səfər edib.

Jurnalistlərin Giresun qalası ilə tanışlığından sonra növbəti dayanacaqları Fındıq Kənd Təsərrüfatı Satış Kooperativləri Birliyi (FİSKOBİRLİK) oldu. Bu da təsadüf deyil. Axı Giresun Türkiyənin fındıq paytaxtı kimi tanınır. Fındıq Giresunda əsrlər boyu yetişdirilən və böyük iqtisadi əhəmiyyət kəsb edən bir məhsuldur. Onun fındıq istehsalında lider mövqeyi coğrafi, tarixi və iqtisadi amillərin nəticəsidir. Giresunun Qara dəniz sahilində strateji yerləşməsi fındıq əkini üçün ideal iqlim və torpaq şəraiti yaradır. Bu şəhər həm də Türkiyənin ən mühüm kənd təsərrüfatı bölgələrindən biridir və fındıq istehsalında aparıcı rol oynayır. Fındıq şəhər iqtisadiyyatında müəyyənedici faktordur və şəhərin mədəni irsinin mühüm hissəsini təşkil edir.

FİSKOBİRLİK, Ulu öndər Atatürkün “Digər əsas məhsullarımıza, xüsusən də fındıqlara aid olan birliklər yaradılmalıdır” sözləri ilə Cümhuriyyətin elan edilməsindən sonra keçirilən 1-ci beynəlxalq fındıq konqresindən sonra 28 iyul 1938-ci ildə Giresun, Ordu, Trabzon, Keşap və Bulancak Fındıq Satış Kooperativlərinin birləşməsi ilə qurulub.

FİSKOBİRLİK ölkənin fındıqlarının sığortası olan və İstanbuldan Artvinə qədər 50 kooperativlə əlaqəli dəyişən sayda tərəfdaşları olan öz sahəsində dünyanın ən böyük istehsalçı birliyidir.

Onun əsas məqsədi etibarlı və keyfiyyətli qida yanaşması ilə daxili və xarici bazarların ehtiyac duyduğu məhsulları son istehlakçıya təqdim etmək, istehsalçının kənd təsərrüfatı və ekoloji ehtiyatlarından səmərəli və davamlı istifadəsini təmin etməklə yanaşı istehsalçının gəlirini və həyat səviyyəsini yüksəltməkdir.

FİSKOBİRLİYin mqsədi kooperativ prinsiplərinə sadiq qalaraq, istehsalçılara, işçilərinə, dilerlərinə və təchizatçılarına komanda ruhunda birlikdə xidmət etməyi hədəfləyən bir təşkilat olmaqdır.

Jurnalistlər bu birliyin iş mexanizmi ilə yaxından tanış oldular. Birliyin məsulları hər bir istehsalla bağlı dolğun və geniş məlumat verdilər.
Fındıqların qəbulu, təmizlənməsi, çeşidlənməsi, paketlənməsi, qablaşdırılmasından tutmuş fındaq yağı və keriminin hazırlanması prosesini izlədilər.

Bütün gigiyenik və təhlükəsizlik qaydalara riayət olunan FİSKOBİRLİK-də yüksək keyfiyyətli məhsuillar nəinki yerli alıcılara çatdırılır, hətta xarici ölkələrə də ixrac olunur. Ucuz və keyfiyyətli məhsulları ilə FİSKOBİRLİK dünyada lider istehsalçılar sırasındadır.

Yeri gəlmişkən, jurnalistlər Giresunda fındıq bağlarında da oldular, fındıqtoplayan zəhmətkeşlərlə söhbət etdilər, hətta yığımda onlara kömək də etdilər. Yazlık kənd sakini 59 yaşlı Adem Yıldırım səfərdə olan Avrasiya.net-in əməkdaşı ilə söhbətində dedi: "İstanbulda yaşayaıram, amma bu kənddə doğulub, boya-başa çatmışam. Hər il fındıq yığımı mövsümündə kəndimə gəlirəm. 20 hektar fındıq sahəmiz var - iki qardaşımın və mənim. Ötən il mən öz sahəmdən 700 kilo fındıq topladım. Hər kilosunun 120-130 lirəyə FİSKOBİRLİY-ə satdım. Bu il məhsulumuz bol olacaq".

Digər bir sahibkar Orhan Alaca isə dedi ki, 1,5 hektar fındıq sahəsindən 1500 kilo fındıq dərib, bu dəfə 2500 kilo olacağına inanır: "Giresun fındığı dünyada məhşurdur, çox yağlı, vitaminlidir. Xarici ölkələrdən gəlib buradan fındıq alırlar. Giresunun hər bir bucağında, evlərin həyətlərində belə fındıq ağaclarını görmək olar. Fındıqdan istehsal olunan mallar bütün dünya bazarlarındadır".

Onu da qeyd edək ki, Kənd Təsərrüfatı İqtisadiyyatının və Siyasətinin İnkişafı İnstitutunun 2023-cü il Fındıq Məhsul hesabatına görə,Türkiyədə qoz-fındıq yetişdirilməsində fındıq 61,32% ilə birinci, qoz 18,77% ilə ikinci yerdədir Türkiyədə 2021-ci ildə fındıq istehsalı 684 min ton təşkil edib.
2022-ci ildə fındıq istehsalı əvvəlki ilə nisbətən 11,8% artaraq 765 min ton olub.

Avrasiya.net