“Uşaqların Gələcəyi Naminə” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Uşaqların və anaların gələcək sağlamlığı - ana südü” layihəsi çərçivəsində ilk tədbirini Bakı Baş Səhiyyə Mərkəzinin strukturuna daxil olan 26 nömrəli Şəhər Poliklinikasında keçirib.
Tədbiri açan “Uşaqların Gələcəyi Naminə” İctimai Birliyinin sədri Könül Quliyeva belə maarifləndirici tədbirlərin təşkilinə görə poliklinikanın, o cümlədən Bakı Baş Səhiyyə Mərkəzinin rəhbərliyinə öz təşəkkürünü bildirib.
Daha sonra tədbirdə uşaqların və anaların gələcək sağlamlığında ana südünün əhəmiyyətindən danışılıb. 19 nömrəli Uşaq Poliklinikasının həkim-immunoloqu, Azərbaycan Tibb Universitetinin Elmi-tədqiqat İmmunologiya Laboratoriyasının baş laborantı Meyxanım Nəzirzadə körpələrin, o cümlədən anaların sağlamlığının qorunmasında ana südünün önəmi, tərkibi, saxlanma qaydaları, hansı xəstəliklərdən qoruması və s. haqqında geniş məlumat verib.
Tədbir daha sonra sual-cavab sessiyası şəklində davam etdirilib. Tədbirdə Nizami Rayon İcra Hakimiyyəti İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Bəhman Hüseynov, Bakı Baş Səhiyyə Mərkəzinin rəsmiləri, poliklinikanın tibbi heyəti və valideynlər də iştirak ediblər. Sonda layihənin tərəfdaşı olan “Sağlam Ailə” Tibb Mərkəzi tərəfindən analara hədiyyələr təqdim edilib.