Bəyənnamənin beynəlxalq əhəmiyyətini şərtləndirən mühüm amillər

11
İyn
2024
11:18

 

Azərbaycanın etibarlı strateji tərəfdaşı olan Türkiyə ilə münasibətlərin möhkəmləndirilib daha da genişləndirilməsi dövlətimizin xarici siyasətinin prioritet istiqamətini təşkil edir. Bu gün biz əminliklə deyə bilərik ki, xalqlarımız və dövlətlərimiz arasında mövcud olan və qardaşlıq səviyyəsinə qədər yüksəlmiş münasibətlər səviyyəsində dünyada ikinci belə bir nümunə yoxdur. Ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” fəlsəfəsi ilə əsaslı təmələ sahib olan ölkələrimizin əlaqələri bu gün daha da inkişaf etməkdədir. Müasir dövrdə etibarlı strateji tərəfdaş olan Türkiyə ilə münasibətlərin möhkəmləndirilib və daha da genişləndirilməsi istiqamətində önəmli addımlar atılmaqdadır.

Tarixi köklərə və qardaşlığa söykənən Azərbaycan-Türkiyə münasibətləri son dövrlərdə özünün ən yüksək səviyyəsini yaşamaqdadır. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş bu dostluq və qardaşlıq münasibətlərinin daha da inkişafında hər iki dövlət başçısının böyük xidmətləri vardır. Dövlət rəhbərlərinin nümayiş etdirdiyi səmimi qardaşlıq münasibətləri ölkələrimiz arasında bütün sahələrdə əməkdaşlığın inkişafında əhəmiyyətli rol oynamaqla müsbət nəticələr verməkdədir. Mütəmadi olaraq dövlət başçıları arasında aparılmış danışıqlar ölkələrimiz və xalqlarımız arasındakı mövcud əlaqələrin daha da möhkəmləndirilməsinə xidmət etməkdədir. Ölkələrimiz arasında bütün sahələrdə sıx əməkdaşlıq, qlobal səciyyə daşıyan iri layihələrin həyata keçirilməsi xalqlarımızn rifahını daha da yaxşılaşdırmaqla yanaşı regionda dövlətlərimizin əsas söz sahibinə və güc mərkəzinə çevrilməsi ilə nəticələnmişdir.

Azərbaycan-Türkiyə qardaşlığının necə möhkəm təməllər üzərində qurulduğu 44 günlük Vətən müharibəsi dövründə bütün dünyaya bir daha nümayiş etdirilmiş oldu. Tarixi Zəfərimizin qazanılmasında qardaş dövlətin mənəvi dəstəyi xüsusi rol oynamışdır. Postmüharibə dövründə Azərbaycanımızın siyasi və mədəniyyət beşiyi olan Şuşa şəhərində iki dövlət arasında 2021-ci ilin 15 iyununda imzalanmış Şuşa Bəyənnaməsi isə mühüm tarixi hadisə kimi yaddaşlarımıza əbədi olaraq həkk olundu. Azərbaycan və Türkiyə arasında imzalanmış Şuşa Bəyannaməsi iki ölkə arasında münasibətlərdə inqilabi gerçəklikdir. 15 iyun 2021-ci il tarixindən başlayaraq Azərbaycan və Türkiyə hərbi-siyasi, iqtisadi sahələrdə müttəfiqliklərini rəsmi şəkildə elan etdi. Bəyannamədə diqqəti çəkən ən vacib məqamlardan biri hərbi sahədə əməkdaşlıq və müttəfiqliklə bağlıdır. Burada qeyd edilir ki, iki dövlətin ərazi bütövlüyünə, suverenliyinə üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, hər iki dövlət bir-birini qoruyacaqdır.

Xüsusi olaraq qeyd etməliyik ki, Azərbaycan xalqı üçün mühüm əhəmiyyət kəsb edən Milli Qurtuluş Günündə iki qardaş dövlət arasında imzalanmış Şuşa Bəyənnaməsi əslində bütün dünyaya verilən mühüm mesajdır. Məhz bütün bunlar Bəyənnamənin beynəlxalq əhəmiyyətini şərtləndirən mühüm amillərdəndir. Şuşa Bəyənnaməsini imzalamaqla biz Türkiyə ilə həm sözdə, həm də əməldə bir olduğumuzu bütün dünyaya bəyan etdik. Azərbaycan və Türkiyə arasında tarixi münasibətlərə əsaslanan Şuşa Bəyənnaməsi ölkələrimiz arasındakı münasibətləri strateji müttəfiqlik səviyyəsinə yüksəltməklə yanaşı Azərbaycanla Türkiyə arasındakı dostluq və qardaşlığı bütün dünyaya nümayiş etdirmiş oldu. Bir daha əminliklə deyə bilərik ki, bütün bunlar xalqlarımız arasındakı dostluq, qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsindən, onun sarsılmazlığından xəbər verir.

Rəşad Rəhmanov
Siyəzən şəhər 2 saylı tam orta məktəbin direktoru