Azərbaycan-Misir əlaqələri bu gün sürətlə inkişaf edir

10
İyn
2024
11:06

 

Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş çoxşaxəli xarici siyasət nəticəsində dövlətimizin dünyaya inteqrasiyası sürətlənmiş, dost və qardaş dövlətlərin siyahısı xeyli genişlənmişdir. Bu məqsədyönlü xarici siyasət hazırda Möhtərəm cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir. Xarici siyasətimizdə son illərdə Ərəb dövlətləri ilə, xüsusilə də Misir Ərəb Respublikası ilə qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi xüsusi yer tutmaqdadır. Qeyd etməliyik ki, Azərbaycan-Misir münasibətlərinin qədim tarixi kökləri var. Hələ sovet dönəmində iki dövlət arasında mehriban dostluq əlaqələri mövcud olmuşdur. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra iki dövlət arasında münasibətlər keyfiyyətcə yeni səviyyəyə yüksəlib. Məlumat üçün qeyd etməliyik ki, Misir Respublikası ərazisinə və əhalisinin sayına görə ərəb dünyasında və Afrika qitəsində ən böyük ölkələrdən biridir. Qədim dövlətçilik ənənələrinə sahib olan Misir eyni zamanda mühüm strateji coğrafiyada yerləşir. Misir Ərəb Respublikası uzun illərdir ki, ərəb dünyasının lider dövlətlərindən biri olmaqla regional güc mərkəzi kimi əsas söz sahibidir. Bununla yanaşı Misir böyük iqtisadiyyata malik olmaqla zəngin enerji və su ehtiyatlarına sahibdir.

Xüsusi olaraq vurğulamalıyıq ki, son illərdə Azərbaycan dövləti ilə Misir Ərəb Respublikası arasında mövcud münasibətlərdə yeni səhifə açılıb. Hər iki dövlət başçısının qarşılıqlı səfərləri isə bu münasibətlərin dərinləşməsinə imkan yaradır. Bu baxımdan ölkə başçımızın cari ilin iyun ayının 8-də Misir Ərəb Respublikasına səfəri və səfər çərçivəsində keçirilmiş görüşlər, qarşılıqlı sənədlərin imzalanması xüsusi əhəmiyyət kəsb edir. Səfər zamanı hər iki dövlət başçısı arasında keçirilən görüşlər, qarşılıqlı anlaşmalar və müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsini nəzərdə tutan sənədlərin imzalanması Azərbaycan-Misir münasibətlərində mühüm mərhələnin başladığını göstərir. Hər iki dövlət başçısının mətbuata verdiyi bəyanatları izlədikdə görürük ki, Azərbaycan Respublikası ilə Misir Ərəb Respublikası arasında dostluq və qarşılıqlı əməkdaşlığa söykənən münasibətlərin inkişafı istiqamətində geniş imkanlar mövcuddur. Cənab Prezident çıxışı zamanı Azərbaycanla Misir arasında son illərdə müxtəlif sahələri əhatə edən münasibətlərin inkişafından məmnunluğunu bildirmiş və xüsusi olaraq qeyd etmişdir ki, Azərbaycanla Misir arasında beynəlxalq məsələlərdə fikir ayrılığı yoxdur və hər iki dövlət beynəlxalq təşkilatlar çərçivəsində fəal çalışır.

Sevindirici haldır ki, hazırda Azərbaycan Respublikası ilə Misir Ərəb Respublikası arasında əməkdaşlığın şaxələndirilməsi üçün siyasi iradə və bir-birindən cəlbedici imkanlar mövcuddur. İnanırıq ki, Azərbaycanla Misir dövləti arasında mövcud olan və müxtəlif sahələri əhatə edən münasibətlər bundan sonra daha da dərinləşəcəkdir.

Samir Baxşiyev
YAP Siyəzən rayon təşkilatının sədri