Fransanın Lille şəhərində yerləşən müsəlman tələbələrin təhsil aldığı qabaqcıl liseylərdən biri olan Özəl Averroes Liseyinin dövlətlə müqaviləsi ləğv edilib.
Azreform.info xarici KİV-ə istinadla xəbər verir ki, buna səbəb liseydə verilən təhsilin Fransa Milli Təhsil Nazirliyinin kurikulum gözləntilərini “mənbə və məzmun” baxımından tam olaraq qarşılamamasıdır.
Qərarda “mədəniyyət, cinslərarası münasibətlər, homoseksuallıq” kimi mövzularda vəsait çatışmazlığının olduğu bildirilərək İslam dini ilə bağlı tələbələrə verilən resursların digər dinlərə aid mənbələrdə üstünlük təşkil etdiyi iddia edilib.
Bundan əlavə, liseydə çalışan bəzi müəllimlərin “respublika dəyərlərinə zidd” olduğu iddia edilib.
Qərar liseyin daimi müəllimlərini və illik büdcəsindən yarım milyon avro dövlət yardımını itirməsi ilə nəticələnəcək.
Fransa Müsəlmanları Federasiyası qərara reaksiya verərək Averroes Liseyi müəllimləri ilə həmrəy olduqlarını açıqlayıb.
“Müqavilənin ləğvi ilə bağlı qərar təkcə uğurları ilə seçilən müsəlman təhsil ocağını deyil, bütün özəl qurumların gələcəyi üçün həyəcanlı mesajdır”.
Qeyd edək ki, 2003-cü ildə təhsil həyatına başlayan məktəb hicablı olduğu üçün başqa təhsil müəssisələrinə gedə bilməyən müsəlman tələbələrə ilk olaraq qapılarını açıb. Bir neçə ildə şagird sayını artıran liseylə yanaşı, Averroes orta məktəbi də 2012-ci ildə fəaliyyətə başlayıb. Bu gün 800-dən çox şagird Averroes Liseyi və Orta Məktəbində təhsil alır.
Günay