İyunun 2-də Azərbaycan çempionu "Qarabağ" üçün 2023/24 mövsümü başa çatacaq. Həmin gün Ağdam təmsilçisi Azərbaycan kubokunun finalında "Zirə" ilə üz-üzə gələcək. Həmin görüş bir sıra futbolçunun "köhlən atlar"dakı son matçı olacaq.
Azreform.info-nun Publika.az-a istinadla məlumatına görə, "Qarabağ" 8 futbolçu ilə yollarını ayıracaq.
Belə ki, Azərbaycan çempionu Andrey Lunyovun başa çatan müqaviləsini yeniləməyəcək. Buna səbəb təkcə futbolçu və meneceri ətrafında son günlər baş qaldıran qalmaqallar deyil. Rusiyalı qapıçının mövsümün ikinci yarısındakı performansı məşqçilər heyətində ciddi narahatlıq doğurub. Bundan əlavə, futbolçunun yüksək məvacib istəməsi onunla yolların ayrılmasına səbəb olan amillərdəndir.
Gürcüstan millisi ilə Avropa çempionatına yollanacağı dəqiqləşən Luka Quqeşaşvili də Ağdam təmsilçisini tərk etmək istəyir. O, ehtiyatda oturmaqdan bezib. Luka klubla hələ bir illik müqaviləsi olsa da, yeni komanda axtarışlarına başlayıb. Gürcü qapıçı böyük ehtimalla Avro-2024-dən sonra "Qarabağ"ı tərk edəcək.
Amin Ramazanov da həmkarları kimi "Qarabağ"ın sıralarını tərk etməyə yaxındır. Ancaq bu, icarə əsasında olacaq. 21 yaşlı qapıçı daha çox forma şansı qazanmaq üçün bir illik fasilədən sonra Premyer Liqaya qayıdan "Şamaxı"ya keçə bilər.
Meydan oyunçularından da gedənlər olacaq. Xüsusilə kapitan Maksim Medvedevi vurğulamaq lazımdır. Karyerası boyunca yalnız "Qarabağ"da çıxış edən müdafiəçi futbolla elə doğma klubunda vidalaşacaq. Onqat Azərbaycan çempionu bundan sonra da uşaq yaşlarından bağlı olduğu kluba xidmət edəcək.
Riçard Almeyda da "Qarabağ"ı tərk edəcək. Onun mövsümün sonunda bitəcək müqaviləsinin müddəti yenilənməyəcək. Braziliyalı futbolçunun bundan sonra yaşıl meydanlardan çıxış edib-etməyəcəyi bəlli deyil.
Hücum xəttində də ciddi ayrılıqlar olacaq. "Qarabağ"ı tərk edəcəyi dəqiqləşən əsas ad isə Adama Diakabidir. 2023-cü ilin yanvarında transfer edilən fransalı vinger gözləntiləri doğrultmadı. CV-də "Renn", "Monako", "Nottingem Forest", "Haddirsfild" kimi klub adları olsa da, o, "Qarabağ"da ön plana çıxa bilmədi. Diakabi ağdamlıların Avrokubok macərasını belə kənardan izlədi. Hələ 1 illik müqaviləsi olsa da, onunla yolların ayrılacağı dəqiqdir.
Ötən yay "Zirə"ni "Qarabağ"a dəyişən, ancaq əsas heyətdə özünə yer tapa bilməyən Hamidu Keyta klubu tərk etməyi planlaşdırır. O, daha çox oyun praktikası qazanmaq istəyir. Fransalı forvardın "Zirə"yə qayıtmaq ehtimalı yüksəkdir.
Ethiyat oyunçular skamyasının daimi üzvlərindən birinə çevrilən Redon Cica da "Qarabağ"ı tərk edəcək. Ağdam klubuna böyük ümidlərlə transfer edilən albaniyalı hücumçunun sözləşməsinin müddəti 2026-cı ilin yayına qədərdir. Durumundan məmnun olmayan futbolçu əməkdaşlığın davam etməsində maraqlı deyil. Cicanın vətənindən təklifi olduğu bildirilir.