Fransa milli futbol komandasının tarixinin bombardiri Olivye Jiru Avropa çempionatından sonra millidəki karyerasını başa vuracağını açıqlayıb.
Lent.az bildirir ki, bu barədə “L'Equipe” xəbər verir.
“Əlbəttə, milli komandada oynamaq üçün darıxacağam, amma vaxtım daralır. Biz gənclərə yol açmalıyıq", - Jiru söyləyib.
Jiru 2011-ci ildən Fransa millisində çıxış edir. 37 yaşlı hücumçu 131 oyun keçirib və 57 qol vurub. Milli komandanın tərkibində 2018-ci ildə dünya çempionu və 2021-ci ildə Millətlər Liqasının qalibi, həmçinin 2016-cı ildə Avropa çempionatının və 2022-ci ildə dünya çempionatının gümüş mükafatçısı olub.
Daha əvvəl məlum olmuşdu ki, Jiru mövsümün sonunda "Milan"ı tərk edərək karyerasını MLS-də davam etdirəcək. Ötən həftə “Los-Anceles” fransalı ilə müqavilə imzaladığını açıqlayıb. O, Fransa milli komandasındakı yoldaşı, qapıçı Uqo Llorislə yenidən bir araya gələcək. Jirunun “Los-Anceles”lə müqaviləsi 2025-ci ilə qədərdir və daha bir il uzatmaq imkanı var.
Avropa çempionatı iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək. Qrup mərhələsində Fransa Avstriya, Hollandiya və Polşa ilə qarşılaşacaq.