“Ukrayna Fransanın “Bastion” zirehli texnikasından keyfiyyətsiz olmadığı üçün imtina etmədi, sadəcə olaraq, pulsuz istəyirdi. Fransa isə bildirdi ki, əgər Ukrayna “Bastion” almaq istəyirsə, o zaman haqqını ödəməlidir”.
Azreform.info xəbər verir ki, bunu ekspert Levan Pirveli rusiyalı politoloq Maksim Şevçenko ilə debatda deyib.
Onun sözlərinə görə, Ukrayna pulsuz silah almağa öyrəşdiyindən Fransa Kiyevə “Bastion” verməkdən imtina edərək Ermənistana verməyə başladı.
“İndi də Fransa Ermənistana “Sezar” (özüyeriyən artilleriya qurğuları) silahlarını verməyə başlayıb. Bu ciddi və hücum silahıdır”, - Pirveli qeyd edib.
Qeyd edək ki, bu yaxınlarda Fransa prezidenti Makron da Ermənistana “Milan” (tank əleyhinə raketlər) və “Sezar” (özüyeriyən artilleriya qurğuları) kimi əhəmiyyətli hərbi silahlar göndərdiyini bəyan edib.
Fransanın müdafiə naziri Florens Parli də "X" səhifəsində Fransanın Ermənistana "bir neçə "Sezar" özüyeriyən haubitsalar və minlərlə mərmi" göndərəcəyini təsdiqləyib.
Mürtəza
Azreform.info