ABŞ-da fəaliyyət göstərən dərman şirkəti “Pfizer”in istehsal etdiyi mədə dərmanı “Zantac”ın xərçəng riskini gizlətdiyi əsas gətirilərək qaldırılan 10 mindən çox məhkəmə iddiasında razılığa gəlinib.
Medicina.az xəbər verir ki, bu barədə “Bloomberg” mövzu ilə bağlı məlumatlı mənbələrə əsaslanaraq yazıb.
Məlumata görə, razılaşma ABŞ daxilində qaldırılan iddiaları əhatə edir.
Zantac istehsalçıları olan GSK və “Sanofi”nin də razılığa gəldiyi bildirilib. Razılaşmanın maliyyə detalları açıqlanmayıb.
Qeyd edilib ki, “Zantac” hadisələri ilə bağlı narahatlıqlar 2022-ci ilin yayında dərman istehsalçılarının ümumi bazar dəyərinin təxminən 45 milyard dollar azalmasına səbəb olub. Ancaq səhmlər əvvəlki razılaşmalarla bağlı xəbərlərdən sonra yenidən yüksəlib.
Xatırladaq ki, reseptsiz satılan “Zantac” və onun ümumi ekvivalentlərindən istifadənin yoğun bağırsaq xərçənginə səbəb olduğu iddia edilir. Belə ki, dərmanın aktiv maddəsi olan "ranitid"in zamanla xərçəngə səbəb olduğu bilinən "N-nitrosodimetilamin"ə (NDMA) çevrilə biləcəyi deyilir.