Harvard Universitetinin alimləri dilin sağlamlıq haqqında kifayət qədər çox məlumat verə biləcəyini söyləyirlər.
Medicina.az xəbər verir ki, onlar dilin görünüşünə, rənginə və hətta toxumasına da xüsusi fikir vermək lazım olduğunu bildirirlər.
Dil adətən açıq çəhrayı rəngdədir. Ancaq istehlak etdiyiniz qida və içkilərə görə dilin üst təbəqəsi bəzən fərqli rənglərə çevrilə bilir. Araşdırma zamanı da belə nəticəyə gəlinib ki, dilin rəngi nə yediyimizdən asılıdır. Tədqiqatçılar bunun səbəbini dildə “papilla” kimi tanınan qabarların yediyimiz və içdiyimiz məhsulların rənglərini və qalıqlarını udması ilə izah edirlər.
Məsələn, sarıkök və ya kari dili sarıya, şirniyyatlar isə göy rəngə çevirə bilər.
Ancaq dildəki rəng dəyişikliyi qalıcıdırsa, bu zaman təhlükəli vəziyyətlərlə üz-üzə olmaq ehtimalı var. Belə ki, araşdırmaya görə, dildə rast gəlinən 3 rəng dəyişikliyi xərçəng və diabet kimi xəstəliklərin əlaməti ola bilər.
Tədqiqat xəbərdarlıq siqnalı kimi çıxış edən üç əsas rəngin bunlar olduğunu göstərib:
Qəhvəyi və ya qara
Qəhvəyi və ya qara dil, papilla çox böyüdükdə meydana gələn bir vəziyyətdir. Normalda bu kiçik qabarıqların böyüməsi üçün çox yer yoxdur. Lakin bu baş verdikdə onlar bakteriyaları və rəngli qida qarışıqlarını özündə tutaraq qəhvəyi və ya qara bir rəng alırlar.
Buna siqaret çəkmək, antibiotiklərdən istifadə, ağız quruluğu, həddindən artıq qəhvə və ya çay istehlakı və ağız boşluğunun gigiyena qaydalarına riayət edilməməsi səbəb ola bilər.
Ağ ləkələr və yaralar
Harvard alimləri dildə ağ ləkələrin və ya yaraların mayaların çoxalmasının əlaməti olduğunu təsbit ediblər.
Diabet, QİÇS, antibiotik istifadəsi, xərçəng müalicəsi, protez istifadəsi, siqaret və ya ağız quruluğu kimi vəziyyətlər buna səbəb ola bilər.
Bu hal daha çox şəkərli diabet əlaməti hesab olunur. Ağır hallarda yaralar ağız xərçənginin əlaməti ola bilər. Xüsusilə də, yaralar ağrı verirsə, xərçəngdən şübhələnmək lazımdır.
Al qırmızı
Bu, B12 çatışmazlığınız olduğunun əlaməti kimi qiymətləndirilə bilər. Əgər rənglə yanaşı, səpki də varsa, streptokokdan şübhələnmək olar.