ABŞ İsrailə tank mərmisi satacaq

10
Dek
2023
07:28

Amerika Birləşmiş Ştatları İsrailə 106,5 milyon dollar dəyərində 13 981 ədəd “M830A1 MPAT” 120 mm tank mərmisi və müvafiq avadanlıq satacaq.

Azreform.info ” xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti və Pentaqona daxil olan müvafiq hökumət departamenti məlumat yayıb.

Eyni zamanda, ABŞ dövlət katibi Antoni Blinken Konqresə ABŞ-ın milli təhlükəsizliyinin maraqları naminə 120 mm-lik mərmilərin dərhal İsrail hökumətinə satılmasını tələb edən fövqəladə vəziyyətin mövcud olması ilə bağlı ətraflı əsaslandırma təqdim edib.

Bu baxımdan, Konqres adi təchizatlarda olduğu kimi hərbi məhsulların satışını əngəlləyə bilməyəcək.

Öz növbəsində Pentaqon bildirib ki, təklif olunan satış ABŞ-ın milli maraqlarına və məqsədlərinə uyğundur. ABŞ rəsmiləri bu razılaşmanın bölgədəki əsas hərbi balansı dəyişməyəcəyini bəyan ediblər.

Sənədlərdə qeyd edilib ki, ABŞ Ordusunun ehtiyatlarından həyata keçiriləcək satışlar ölkənin müdafiə sisteminin döyüş hazırlığına mənfi təsir göstərməyəcək.