Araşdırmalara görə, ürək xəstələrinin yarısında infarkt bir gün əvvəl aydın əlamətlər sayəsində aşkar edilə bilər.
Modern.az xəbər verir ki, tədqiqatın nəticələri “Lancet Digital Health” elmi jurnalında dərc edilib.
ABŞ-ın Los-Anceles şəhərindəki Smidt İnstitutunda aparılan yeni araşdırma infarktın bir gün əvvəl "xəbərdarlıq edə biləcəyini" ortaya çıxarıb. Tədqiqat qrupu 18-85 yaş arası xəstələrin iştirak etdiyi iki ayrı araşdırmanın məlumatlarını araşdırıb.
Həmin tədqiqatlarda xəstələr qəfil ürək dayanması keçirmiş insanlar idi. Xəstələrin infarktdan əvvəlki simptomları da araşdırılıb. İki qrupu müqayisə etmək üçün tədqiqat qrupu oxşar xəbərdarlıq əlamətləri göstərən, lakin infarkt keçirməyən insanlara da baxıb.
Tapıntılara görə, infarktdan əvvəl qadınlarda əsasən nəfəs darlığı, kişilərdə isə sinə ağrısı olur. Hər iki cinsdə baş verən, lakin o qədər də geniş yayılması müşahidə olunmayan digər xəbərdarlıq əlamətlərinə qıcolmaya bənzər hadisələr və anormal tərləmə daxildir.
Tədqiqatçılar düşünürlər ki, bu əlamətləri başa düşmək həkimlərə və xəstələrə 90 faiz ölümlə nəticələnən qəfil infarktların qarşısını almağa kömək edə bilər. Bu istiqamətdə araşdırmaların davam etdirilməsi məqsədəuyğun hesab edilib.