Kimlərin kolon xərçənginə daha meyilli olduğu müəyyən edilib.
Medicina.az xəbər verir ki, uzun boylu insanların və qarın nahiyəsində artıq piyləri olan kök şəxslərin kolon xərçənginə daha çox meylli olduğu açıqlanıb.
Əvvəlki araşdırmalar artıq çəkinin bu xərçəng riskini artırdığını göstərsə də, fərqli piylənmə növlərinin təsiri müəyyən edilməmişdi.
Böyük Britaniya Biobankından istifadə olunaraq 329 min 828 adamın sağlamlıq məlumatlarının təhlil edildiyi yeni araşdırmada iştirakçılar bədən tiplərinə görə 4 qrupa ayrılıb: bütün bədəni piylənmiş olanlar, yağın bütün bədənə yayıldığı uzun boylu insanlar; qarın nahiyəsində piylənməsi olan uzun boylu insanlar; daha qısa və kök olduları halda, omba və bel ölçüləri daha az olanlar.
İştirakçıların 3 728-də kolon xərçəngi var idi.
Bütün bədəndə piylənmənin müşahidə olunduğu birinci qrupda kolon xərçənginə tutulma riskinin digərlərinə nisbətən 10 faiz yüksək olduğu qeyd edilib. Abdominal piylənmə kimi təsnif edilən üçüncü qrupda risk 12 faiz olub. Bu bədən tipinə sahib qadınların kişilərə nisbətən kolon xərçənginə tutulma ehtimalı 18 faiz daha çoxdur.
“Science Advances” jurnalında dərc olunan araşdırmanın müəllifləri bildirirlər ki, bədəndə yağın yığıldığı sahə bədən kütləsi indeksindən daha vacibdir.
Boy və çəki əsasında hesablanan bədən kütləsi indeksi, təxmin edilən yağ miqdarını göstərməklə insanın ideal çəkisinə nə qədər yaxın olduğunu anlamağa kömək edir.
"Biz düşünürük ki, bədən kütləsi indeksi və ya bədən yağının paylanması (məsələn, bel çevrəsi) kimi bədən piylənməsinin ən çox istifadə edilən göstəriciləri, qeyri-sağlam çəki səbəbiylə xərçəng riskini lazımi səviyyədə qiymətləndirmir", - deyə araşdırmanın həmmüəllifi, Xərçəng Araşdırmaları üzrə Beynəlxalq Agentlikdən Haynz Frayzlinq bildirib.
Onun sözlərinə görə, bu göstəricilər faydalı olsa da, bədən kütləsi indeksləri oxşar, lakin müxtəlif bədən tiplərinə malik şəxsləri eyni kateqoriyada qruplaşdırır:
“Digər tərəfdən, eyni bədən kütləsi indeksinə sahib insanların xərçəng risklərinin çox fərqli ola biləcəyini bilirik. Biz aşkar etdik ki, ümumi şişman olan bədən forması beynin müəyyən bölgələrində həddindən artıq ifadə olunan genlərlə; daha uzun və qarın bölgəsində piylənmə olan bədən forması isə əsasən yağ toxumasında həddindən artıq ifadə olunan genlərlə əlaqəlidir. Aydındır ki, bu, həzm sisteminin sağlamlığının qismən beyin və yağ toxuması ilə bağlı ola biləcəyini göstərir”.