Dünyanın ən yüksək dağı olan Everest tarixinin ən ölümcül dırmaşma mövsümünü geridə qoyub.
Qaynarinfo-nun məlumatına görə zirvəsinə ilk dəfə 70 il əvvəl çıxılan dağda bu il rekord sayda - 18 nəfər alpinist həyatını itirib. Ölüm hallarının təxminən yarısına yüksək hündürlükdə hava təzyiqinin və oksigen səviyyəsinin azalması nəticəsində yaranan kəskin dağ xəstəliyi səbəb olub. Bildirilib ki, digər səbəb dağda hava şəraitinin dəyişkən olmasıdır.
2023-cü ildə baş verən ölümlərlə Everestdə həyatını itirənlərin ümumi sayı 317-yə çatıb. Əvvəlki rekord isə 2014-cü ildə olub. Həmin vaxt 17 ölüm halı qeydə alınıb.
"The Guardian" qəzetində dərc olunan xəbərdə Nepal hökumətinin bu il 479 nəfərə Everesti dırmaşmağa icazə verdiyini yazıb. Nepal Milli Dağ Bələdçiləri Assosiasiyasının prezidenti Ang Norbu, qəzetə açıqlamasında bildirib ki, hər il bölgəyə daha çox təcrübəsiz alpinistlər gəlir və zirvəyə qalxmağa çalışırlar. Nepal hökumətindən icazə almadan Everestə qalxmaq mümkün deyil. Ora dırmanmaq istəyənlər 15 min dollar qarşılığında icazə sənədi almalıdırlar. Bu həm də Asiya ölkəsinin mühüm gəlir mənbələrindən birirdir.
Mütəxəssislər və təcrübəli alpinistlər son illərdə Everestin bir turizm marşrutu kimi istifadə olunduğunu və həyəcan axtaran zənginlərin zirvəyə çatmaq üçün bələdçilərə 60 min dollara qədər ödəniş etdiyini bildirirlər.